Vətən müharibəsinin 26-cı günü: 21 yaşayış məntəqəsi işğaldan azad edilir
2020-ci il oktyabrın 22-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi altıncı günü.
Rəşadətli ordumuz müdafiə mövqelərimizi minaatan və toplardan atəşə tutan düşmənə ağır zərbə endirir. Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının “D-20” batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralananlar olur. Ağdərə istiqamətində yerləşən 5-ci dağ-atıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verir. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşür, taborun qərargah rəisi isə məhv edilir. 543-cü alayın müdafiə sahəsinə zərbələr nəticəsində şəxsi heyət arasında xeyli itki olur. Alay komandiri yaralanır, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilirlər.
Döyüş meydanından qaçan düşmən isə müharibə cinayətlərindən əl çəkmir. Erməni silahlıları Siyəzən rayonu istiqamətində üç raket, Qəbələ rayonu istiqamətində iki raket və Kürdəmir rayonu istiqamətində bir raket buraxırlar. Raket zərbələri nəticəsində Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü Murad Ceyhun oğlu Əmirbəyov müxtəlif dərəcəli bədən xəsarətləri alır, kənd ərazisində yerləşən beş yaşayış evinə ciddi ziyan dəyir. Həmçinin, Ermənistan silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkə üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atır, lakin Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə qüvvələri onu zərərsizləşdirir, raketin hissələri su kəmərinin yaxınlığına düşür. Həmin gün Naxçıvanın Sədərək və Şərur rayonları üzərində Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilir.
Həmin gün Türkiyənin baş ombudsmanı Şərəf Malkoçu qəbul edən Prezident İlham Əliyev bu barədə daha ətraflı məlumat verir:
“Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var idi ki, Tərtər rayonuna iki min mərmi düşüb. Yəni onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar. Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də Qarabağda yerləşən şəhərləri atəşə tuturuq və tutmayacağıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə “Trend” İnformasiya Agentliyinə müsahibəsində xalq – ordu birliyinin əhəmiyyətini vurğulayır:
“Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini! Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm”.
Təbii ki, məğlub ordunun çarəsizliyindən irəli gələn cinayət əməlləri nə xalqımızı, nə də ordumuzu əsas amaldan yayındıra bilərdi. Elə həmin gün dövlət başçısı xalqımızı bir-birinin ardınca növbəti qələbə xəbərləri ilə müjdələyir. Rəşadətli ordumuz Füzulinin üç, Cəbrayılın dörd, Zəngilanın 13 kəndini və Ağbənd qəsəbəsini işğaldan azad edir.
Ağbəndin azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunur.
Beləliklə, müharibənin iyirmi altıncı günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.