Vətən müharibəsinin 25-ci günü: 21 kənd və bir qəsəbə işğaldan azad edilir
2020-ci il oktyabrın 21-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi beşinci günü.
Oktyabrın 20-si gün ərzində və 21-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ordumuzun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilir.
5-ci dağ-atıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilir, çoxlu sayda silah və sursat qənimət götürülür. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborun şəxsi heyəti ilə birlikdə məhv edilir.
6-cı və 7-ci dağ-atıcı alayların müdafiə sahələrində düşmən bölmələri xeyli itki verir. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da olur.
Döyüşlərdə üç ədəd artilleriya qurğusu, bir neçə minaatan, şəxsi heyətlə birlikdə üç ədəd yük avtomobili sıradan çıxarılır.
Düşmən növbəti dəfə insanlıqdankənar xislətini göstərərək səhər saatlarından etibarən Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutur.
Saat 12 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı PUA Horadiz istiqamətində, 12:55-dən 13:30-dək isə daha üç taktiki PUA Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilir. PUA-dan ikisi cəbhənin Füzuli istiqamətində, biri isə Tərtər istiqamətində vurulur.
Azərbaycan Ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir. Prezident İlham Əliyev isə diplomatiya cəbhəsində ölkəmizin haqq savaşını müdafiə edir. Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Prezident Ermənistanın hərbi cinayətlərini açıqlayır:
“Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən iki dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar.
Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir”.
Eyni gündə Ali Baş Komandan “X” hesabı üzərindən xalqı növbəti qələbələrlə müjdələyir:
“Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini,
Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
“Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün,
Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”