Heyvanlarla rəhmsiz rəftar edənlər bu qədər cərimələnəcəklər
Milli Məclis heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrin artırılmasını birinci oxunuşda təsdiqləyib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliyə görə, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 yüz manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.
Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Məcəlləyə təklif olunan daha bir dəyişikliklə, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.