Zurabişvilidən şok etiraf: Ölkəmizi Rusiya idarə edir

Baxılıb:94
Zurabişvilidən şok etiraf: Ölkəmizi Rusiya idarə edir

Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, ölkə Rusiya hökuməti tərəfindən idarə olunur. O, həmçinin hakim “Gürcü arzusu” Partiyasını oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib.

Bu barədə “Financial Times” nəşri yazıb.

Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” Partiyası “Rusiyadakı kimi” təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.

Bundan əlavə, o, hakim partiyanı dövlət qulluqçularına səs vermələri üçün təzyiq göstərməkdə, müxalifət fəallarına hücum etməkdə, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib.

“Bu, sıradan seçki deyil, Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Gürcüstan prezidenti hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasına müxalifətdədir. Siyasi qüvvə ölkə başçısının xaricə icazəsiz səfərləri zamanı hakimiyyət əleyhinə tənqidlər və qalmaqallı bəyanatlar səsləndirdikdən sonra onun impiçmenti təşəbbüsü ilə çıxış etməyə cəhd edib. Daha sonra Zurabişvili ilə “Gürcü arzusu”nun münasibətləri onun sərt şəkildə tənqid etdiyi xarici agentlər haqqında qanunun qəbulu fonunda pisləşib.

Onun sözlərinə görə, hakim siyasi qüvvənin hərəkətləri Gürcüstanın Avroatlantik istəklərinə ziddir. Öz növbəsində “Gürcü arzusu”nun deputatları dəfələrlə bəyan ediblər ki, dövlət başçısı Qərbin maraqlarından çıxış edir, radikal müxalifəti dəstəkləyir və ölkə daxilində “xarici agent”dir.


Abunəlik