Lökbatan məktəblərində direktorlar at oynadır – İDDİA

Baxılıb:107
Lökbatan məktəblərində direktorlar at oynadır – İDDİA

Elm və Təhsil nazirliyinin diqqətini Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, tədris ocağı olan, təhsildən yan gəzən məktəblərə yönəltmək istəyirik. Təhsilmedia.az SƏHƏRMEDİA-ya istinadən bildirir ki, beş tam orta məktəb ilə qəsəbədə vətəndaşlara xidmət edən Lökbatan təhsil ocaqları ilə bağlı “SƏHƏRMEDİA” xəbər portalının redaksiyasına ard-arda şikayətlər daxil olur.

Nəzərinizə çatdırmaq istəyirik ki, məktəblər qadın direktorlar tərəfindən idarə olunur. Bu bəlkə də təhsildə yol verilən ən böyük boşluqdur ki, ona görə də məktəblərdə özbaşınalıqlar ayaq açıb yeriyir. Bu həm də oğlan uşaqlarının təlim-tərbiyəsində də mühüm rol oynayır (mövzuya qayıdacağıq).

“SƏHƏRMEDİA” xəbər portalına daxil olan çoxsayılı şikayət və iddialara əsasən Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəb başda olmaqla, 233, 166, 139 və 106 saylı tam orta məktəblərdə valideynlər pul yığılmasından bezdiklərini dilə gətiriblər. Adı çəkilən məktəblərin yalnız vəsait toplamağa başlarının qarışdığını vurğulayırlar.

Aygün Hüseynovanın idarə etdiyi 288 saylı tam orta məktəb, Gülər Bəbirovanın idarə etdiyi 233 saylı, Validə Əkbərovanın idarə etdiyi 106 saylı, Zeynəb Vəliyevanın idarə etdiyi 166 saylı və İntizar İsmayılovanın idarə etdiyi 139 saylı tam orta məktəb olmaqla Lökbatan qəsəbə məktəblərini təhsil yox, rüşvət ocağına çeviriblər.

Sinif otaqlarını valideynlərin hesabına təmir edirlər, bəzi sinif otaqları direktorlar tərəfindən müəllimlərə hazırlıq keçməsi üçün icarəyə verilir, dövlət tərəfindən məktəbə verilən bəzi təminatlar (“A4” kimi) satışa çıxarılır, ibtidai siniflərdə müəllimlər məcburi kitab satışı ilə məşqul olurlar. Bununla yanaşı şagirdlər məcburi dərs aldığı müəllimlər tərəfindən hazırlığa gəlmələri tələb olunur. Hətda bununla da gözü doymayan direktorlar şagirdləri sinifdən-sinifə keçirmək üçün valideynlərə ciblərinin yolunu göstərirlər. Qiymətlər isə məktəbə, sinifə görə dəyişilir. Sözügedən məktəblərdə siniflər əksər hallarda “VALİDEYN KOMİTƏLƏRİ” tərəfindən sinif rəhbərinin və məktəb direktorlarının göstərişləri ilə idarə olunur. WHATSAPP qruplarında kart hesabı yollayaraq valideynlərdən bəzi hallarda yığılan vəsaiti o karta köçürmələri tələb olunur. Onlara pul yığılma hallarına rəhbərlik etmək tapşırılır, vəsaiti ödəməyən şagirdin isə ümumiyyətlə dərsi belə yoxlanılmır. Demək olar ki, sıfıra bərabər olan tədris bazara çevrilib.

“SƏHƏRMEDİA” xəbər portalı olaraq Elm və Təhsil Nazirliyindən, Bakı şəhər Təhsil İdarəsindən Qaradağ rayon məktəblərini və ən əsası Lökbatan qəsəbəsində yerləşən adı çəkilən bu məktəbləri xüsusi nəzarətə götürmələrini, o məktəblərdə ciddi yoxlama aparmalarını xahiş edirik.

Təklif edərdik ki, siniflərdə yaradılan “VALİDEYN KOMİTƏLƏRİ” ilə bağlı araşdırılma aparılsın və bu “komitələrin” idarə olunmasına qadağa qoyulsun. Təhsildə yaranan bu “ALVERİN” birbaşa səbəbkarı bu “komitələrə” başçılıq edən valideynlərdir.

Araşdırmalarımız davam edir. MƏSƏLƏ DİQQƏTİMİZDƏDİR.

Qarşı tərəflərin fikrini öyrənib dərc etməyə hazırıq.


Abunəlik