Geomaqnit qasırğasının təsiri daha iki gün davam edəcək
Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a verilən məlumata görə, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2 – minor radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda, X (R3 – güclü) alışmaların olacağı proqnozlaşdırılır.
Yerin geomaqnit sahəsində qasırğalar 4 oktyabr gündüz saat 12 radələrindən başlayıb və 6 oktyabradək davam edəcək.
5-6 oktyabr tarixlərində günün əksər hissəsində baş verəcək geomaqnit qasırğalar G3 (güclü) səviyyədə olacaq. 6 oktyabrdan etibarən geomaqnit qasırğasının zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, daha öncə geomaqnit qasırğalarının oktyabrın 4-5-ni əhatə edəcəyi bildirilmişdi.