Ermənistan “miatsum”dan imtina etdi: Paşinyan yeni plan qurur

Baxılıb:24
Ermənistan “miatsum”dan imtina etdi: Paşinyan yeni plan qurur

Azərbaycanla sülh sazişini razılaşdırılmış bəndlər (Paşinyan 13 bəndin razılaşdırıldığı, 3 bəndin müzakirə edildiyini iddia edir) üzrə imzalamaq istəyən İrəvanın yeni manevrlər etdiyi müşahidə edilir.

Nikol Paşinyan sentyabrın 26-da BMT-də çıxışı zamanı “sülh sazişinin artıq razılaşdırılmış maddələrini noyabrda baş tutacaq COP-29 iqlim konfransına qədər imzalamaq” təklifi ilə çıxış etdi;

– Sentyabrın 30-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini təsdiqlədi: əsas diqqətçəkən məqam 33 səhifəlik qərarın böyük hissəsinin Ermənistan “istiqlal bəyannaməsinə” həsr edilməsidir; məhkəmənin qərarında deyilir ki, “istiqlal bəyannaməsi” heç vaxt konstitusiya dualizmi məqsədi olmayıb, yəni ana qanunla bərabərhüquqlu deyil və konstitusiya preambulasında qeyd olunan “erməni dövlətçiliyinin əsas prinsiplərinə və istiqlal bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq” müddəası heç bir prinsip və məqsədə istinad etmir;

Beləliklə, rəsmi İrəvan məhkəmə qərarı ilə qondarma “miatsum”dan – Qarabağın Ermənistana birləşməsi ideyasından imtina etdiyini elan edir. Və bunun Paşinyanın BMT-dəki çıxışından sonra olması təsadüfi deyil.

Paşinyanın BMT-də “COP-29-a qədər sülh sazişini imzalayaq” çağırışı “razılaşdırılmayan bəndləri kənara qoyaraq, razılaşdırılan bəndlər üzərində sazişin imzalanması” məqsədinə beynəlxalq dəstəyin əldə edilməsinə hesablanıb. Burada COP-29 detalı da Ermənistanın məqsədinə xidmət edir. Çünki iqlim tədbirinə qədər Bakı-İrəvan xəttində sülhlə bağlı sənədin imzalanması üçün beynəlxalq çağırışlar var. Rəsmi Bakı buna hazır olduğunu daha öncədən bəyan edib, lakin cari şərt kimi Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsini irəli sürüb. Ermənistan konstitusiyasını dəyişdirmək, ən azı bunu indi etmək niyyətində deyil, lakin sazişin imzalanmasını da istəyir. Və siyasi manevrlə özünə meydan açır:

– COP-29-a qədər sazişi imzalamağa hazır olduğunu beynəlxalq ictimaiyyətə – bunu istəyən qüvvələrə çatdırır;

– Konstitusiya məhkəməsinin qərarı ilə qondarma “miatsum”dan imtina edərək, “Bakının konstitusiyada təhlükə kimi gördüyü məsələnin həll edildiyi” və “sazişin imzalanması önündə maneənin qalmadığı” rəyini yaratmağa çalışır;

Ermənistanın məqsədi razılaşdırılan bəndlər üzərində sazişin imzalanmasıdır. Bununla həm razılaşdırılmayan məsələləri – Bakının tələblərini arxa plana keçirir, həm də münasibətlərin normallaşması üçün Azərbaycan tələbini irəli sürən Türkiyənin şərtini icra edərək, sərhədlərin açılmasına, Qərbə çıxış imkanı əldə etməyə nail olmaq istəyirlər. Hərçənd, rəsmi Bakı sülh sazişinin paket şəkildə imzalanmasından yanadır və konstitusiya problemi bu və ya digər formada həll edilsə belə, bütün tələblər icra edilmədən müqavilənin baş tutması sual altındadır.


Abunəlik