Natiq Məlikovun adına ucaldılmış abidənin açılış mərasimində yeni seçilmiş millət vəkili iştirak etdi- FOTOLAR

Baxılıb:220
Natiq Məlikovun adına ucaldılmış abidənin açılış mərasimində yeni seçilmiş millət vəkili iştirak etdi- FOTOLAR

Bu yazı doğma yurdun düşmən tapdağına düşməməsi üçün bütün varlığı ilə onu qorumağa çalışan və yağılara qan udduran Azərbaycanın əsl qəhrəman bir oğlu haqqındadır. Doğrudur, ona bu adı qıymasalar da, xalq onu qəhrəman kimi qəlbində heykəlləşdirib. Çünki Natiq buna layiq oğul idi…
Bilirsiz hansı Natiqi deyirəm? Həəə, bilmirsiz. Ona görə də yazdığım bu “qara nağıl”ı oxuyun. Məlikov Natiq Siyavuş oğlu 1962-ci ildə Kəlbəcərin Nadirxanlı kəndində anadan olmuşdu. Orta təhsilini başa vurduqdan sonra Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirmişdi. Təbiət vurğunu Natiq Tərtərçay boyunca uzanan əsrarəngiz meşələrimizin qayğısını çəkirdi. Ötən əsrin 90-cı illərində qəfil qadalar başlayanda havamızın, suyumuzun, varlığımızın düşmənlərdən qorunmasına yollandı. Çox döyüşlərdən qələbə ilə qayıtsa da, ömrünü dağlara verməkdən çəkinmədi.
1993-cü ilin qışında ermənilər Kəlbəcərə genişmiqyaslı hücuma keçəndə Natiq Bağlıpəyə kəndinin müdafiəsində idi. Elə son döyüşü də mart ayının axırlarında burada oldu. Evli idi, bir qızı, bir oğul yadigar qalıb.
Natiqin ömür yolu bu iki sətirlik tərcümeyihaldan ibarət deyil. Heç mən də çox yaza bilməyəcəm. Ona görə ki, zamanında gördüyü işlər, keçdiyi döyüş yolundan kimsə yazmadı, o da heç incimədi.
Amma Natiqin dastan ömründən mən indi oturub “qara nağıl” başlamışam. Dastanlaşmaq, müqəddəsləşmək hər kəsə nəsib olmur. Belə igidlərimizin ömürləri örnək sayılıb zaman-zaman.
İlk döyüş yolu Ağdabandan başladı. Kəndə güclü hücum edən erməni quldur dəstələrinin atəş nöqtələrini susdurmaqla o, itkilərin sayını azaltmağa nail oldu.
Aterkin düşməndən təmizlənməsində Natiq bir «QAZ-66» markalı yük maşınını, bir tankı qənimət kimi ələ keçirmişdi. Ağdərə və Laçın döyüşlərində Natiqin göstərdiyi şücaət və qəhrəmanlıqlar haqqında çox danışmaq olar. Amma buna ehtiyac yoxdur. Ona görə ki, Natiq elədiklərini borc bilir, oğulluq haqqı-sayı hesab edirdi.


Abunəlik