Azərbaycanda vergi güzəştləri gözlənilir: 2025-ci ilin yanvarın 1-dən etibarən…

Baxılıb:21
Azərbaycanda vergi güzəştləri gözlənilir: 2025-ci ilin yanvarın 1-dən etibarən…

Gələn il Azərbaycanda mikro sahibkarların gəlirlərinə vergi güzəştləri tətbiq edilməsi planlaşdırılır. Maliyyə Nazirliyindən mətbuata bildirilib ki, 2025-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır.

Maraqlıdır, bu sahədə hansı vergi güzəştləri tətbiq edilə bilər, hansı addımların atılmasına ehtiyac var?

Problem 12 aylıq dövriyyənin 200 min olmasıdır

Vergi üzrə ekspert Mahmud Abasquliyev “Kaspi”yə açıqlamasında bildirib ki, hazırda Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, üç nəfər işçisi olan, məcburi dövlət sosial sığorta borcu olmayan, dövriyyəsi 200 mini aşmayan şəxslər mikro sahibkarlıq subyekti kimi dövlət büdcəsinə ödəyəcəyi gəlirlərin 75 faizi vergidən azaddır, yerdə qalanın 20 faizini ödəyirlər: “Yəni, hazırda üç işçisi olana 75 faiz güzəşt verilir. Bundan əlavə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi və sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına kompensasiyası məqsədilə onların özlərinə görə ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizi dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılır. Burada problem 12 aylıq dövriyyənin 200 minlik olmasıdır. Gələcəkdə bu rəqəmin artması daha yaxşı olardı”.

Növbəti ildən güzəştlər bərpa olacaq?

Millət vəkili Vüqar Bayramov isə deyir ki, mikro sahibkarlara güzəştlərin verilməsi vacib məqamlardandır: “Mikro sahibkarların gəlirlərinə güzəştlər var idi. 200 min manatadək olan dövriyyədə 75 faiz gəlir vergisində güzəşt tətbiq olunurdu. Yəni, mikro sahibkarlar əldə etdiyi gəlirlərdən 5 faiz ödəniş edirdilər. Amma 2024-cü ilin yanvarın 1-dən etibarən, sistem dəyişdi. Yalnız 3 və daha çox işçisi olan mikro sahibkarlar bu güzəştlərdən istifadə etmək imkanı qazandılar, nəticədə mikro sahibkar kimi fəaliyyət göstərən, amma işçiləri olmayanlar belə güzəştlərdən faydalana bilmədilər. Bu baxımdan gözlənilir ki, növbəti ildən etibarən mikro sahibkarlar üçün güzəştlər bərpa olunacaq. Müəyyən limit çərçivəsində gəlir əldə edən mikro sahibkarlar əvvəlki illərdə olduğu kimi gəlir vergisindən 75 faiz güzəşt əldə edəcəklər”.
Millət vəkili vurğulayır ki, bununla bağlı Milli Məclisdə müzakirələr zamanı təkliflər təqdim edilib: “Gözləntilərimiz ondan ibarətdir ki, 2025-ci ilin yanvarın 1-dən etibarən, limitli dövriyyə çərçivəsində müəyyən dövriyyəsi olan mikro sahibkarlar yenidən güzəşt əldə etmək imkanı qazanacaqlar və onların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq”.

Mikro sahibkarlıq üçün ən minimal vergilər müəyyənləşdirilməlidir

İqtisadçı Fikrət Yusifov bildirir ki, ölkədə sahibkarlıq subyektlərinin 90%-dən çoxunu mikro sahibkarlıq subyektləri təşkil edir. Onun sözlərinə görə, mikro sahibkarlığın inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən son illərdə bir sıra addımlar atılmış və hətta pandemiya dövründə mikro sahibkarlığa dəstək məqsədilə 2022/2023-cü illər üçün onlara 75% vergi güzəşti müəyyən olunmuşdu: ”Cari ilin yanvar ayının 1-dən həmin güzəşt aradan qaldırıldı və mikro sahibkarlar əvvəlki qaydada vergiyə cəlb olunmağa başladılar. Hesablamalar göstərir ki, bu güzəştlərin ləğvindən dövlət büdcəsinin əldə etdiyi əlavə vəsait 50 milyon manatdan çox ola bilmədi, əvəzində verginin 5%-dən 20%-ə qaldırılması, yəni iki il üçün verilmiş 75% güzəştin ləğvi bir çox sahibkarların fəaliyyətinə son qoydu. Bunu inkişaf etdirmək üçün çıxış yolu mikro sahibkarlıq üçün ən minimal vergilərin müəyyənləşdirilməsidir. Yəni, mikro sahibkarlıq üçün bu vergilər keçid dediyimiz mərhələdə bir növ simvolik xarakter daşımalıdır. Dövlət büdcəsinin həcminin 40 milyard manata yaxın olduğu bir zamanda sahibkarların 90%-dən çoxunu təşkil edən mikro sahibkarların əlindən ümumi məbləği 50 milyon manatı keçməyən güzəşti almaq hansı məntiqə sığa bilər? Bax, bu sual hökumətin yetkililərini ciddi düşündürməlidir”.


Abunəlik