“Əliqismət Lalayevin etdiklərinə dözə bilmirəm” – Əməkdar artistdən şikayət
“10 yaşından teatrdayam. Əliqismət Lalayev teatra gələndən deyir ki, aktyorlar mənim qulumdur. Köhnə direktor müavinlərini işdən çıxarıb, yerinə iki nəfər gətirib. Teatrı gəzirlər, aktyor işə gəlmirsə, gecikibsə, ona töhmət yazmaqdansa, 50 manat cərimələyirlər”.
Bu sözləri Əməkdar artist Çingiz Əhmədov Axşam.az-a açıqlamasında söyləyib.
Aktyor çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevin ona işlərində problem yaratdığını, haqsızlıq etdiyini bildirib:
“Müavinlər aktyorlara izahat yazdırırlar ki, niyə işə gəlməyiblər, niyə gecikiblər. Bu, aktyordur, 50 problemi var. 2015, 2016, 2017, 2018-ci illərdə ayda 500 manat Prezident mükafatı almışam. Özü də Əliqismət Lalayevin əli ilə almamışam. 2012-ci ildə keçmiş Mədəniyyat Naziri Əbülfəs Qarayevlə tədbirlərin birində görüşdük. Dedi ki, işlərin necədir? Həmin dönəmdə keçmiş ANS TV-də veriliş aparırdım. Söylədi ki, efirdə sənə baxıram, partladırsan. Ona dedim ki, mənə indiyədək fəxri ad verilməyib. Nə məsələdir? Dedi ki, bir az vaxt ver, mütləq ad alacaqsan. Fəxri ad aldığım gün Əliqismət Lalayevi “infarkt vurdu”. Dedi ki, bu adı haradan aldı?
Ümumiyyətlə, bu adam orta və yaşlı nəsilə qiymət vermir. Aktyor var ki, 400 manata kirayə qalır. O yazığın adını mükafatlar sırasından çıxarıb. Pandemiyadan öncə ona yaxınlaşdım ki, bu il mükafatımı ver, problemlərim var. Dedi ki, gözlə, alacaqsan. Aktyorların çoxuna mükafat düşmədi. Teatrın rəhbəri bunları təqdim etməlidir”.
Ç.Əhmədov bildirib ki, adı fəxri ad alanların sırasından dəfələrlə direktor tərəfindən çıxarılıb:
“12 ildir bu hal təkrarlanır. Mənə deyir ki, hələ tezdir. Dünənki uşaqlar “Xalq artisti”dir. Əmək fəaliyyətim var. İnsanlar mənə görə bilet alıb, tamaşaya gəlirlər. Bu teatrda 2-3 normal aktyor varsa, onun biri mənəm, digəri Afaq Bəşirqızıdır.
Haqqsızlıq edir, teatrda “at oynadır”. Bir neçə il bundan əvvəl işdən çıxmaq istədim. İmkan vermədi, məni “səhnə ustası” etdi. Bu da maaşımda cəmi 34-35 manat fərq yaratdı. Bunun ixtiyarı yoxdur ki, aktyor işə gecikəndə maaşından 50 manat kəssin. Deyir ki, aktyorlar mənim köləmdir. Anlamır ki, o, bu aktyorlara görə orada müdirdir. 37 ildir burada çalışıram. İndiyədək 4 teatr müdiri dəyişmişəm, onun kimisini görməmişəm.
Teatrda elə bir durum yaradıb ki… Bir söz deyən kimi də telefona yazıb aparıb ona dinlətdirirlər. Artıq dözmürəm, haqqımı yeyir. Sən orta nəslə hörmət et ki, gənclər də baxıb örnək alsın. İstəyirəm Əliqismət Lalayevlə bağlı ölçü götürülsün.
İki ildən sonra 60 yaşım olur. Bu adam imkan vermir ki, layiq olduğum mükafatları alım. Bilmirəm ki, məndən nə istəyir. Gənclər də mükafat almalıdır, amma teatrda vəziyyəti pis olan aktyorlar var. Deyir ki, vəziyyəti çətin olanlara mükafat verirəm. Sən kimsən axı? Bu teatrın simaları var, əvvəlcə onlara ver, sonra başqalarına keç”.