Jurnalist həbs təhlükəsi ilə üzləşdiyini deyir

Baxılıb:109
Jurnalist həbs təhlükəsi  ilə üzləşdiyini deyir

Ekspertiza rəyi şikayətçinin fikirləri ilə üst-üstə düşür
Gəncə hadisələri barədə yazılarına görə üzərində şərti cəza olan jurnalist Anar Məmmədov bu dəfə həbs təhlükəsilə üzləşdiyini deyir. “Criminal.az” saytının baş redaktoru olan A.Məmmədovun sözlərinə görə, bu məqsədlə artıq ekspert rəyi də alınıb. Söhbət “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə əlaqədar verilən ekspert rəyindən gedir.
Lombard sahibi olan M.Qurbanova jurnalistin həbsini tələb edir və bu tələblə də məhkəmədə iddia qaldırıb. İddia ərizəsində də göstərib ki, A.Məmmədovun rəhbərlik etdiyi saytda yayımlanan “Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi – “Torpaqlarımı boşalt…” və “Lombard Məlahət”lə sabiq nazirin davası: “Rolls-Royce” mərkəzinin zirzəmisini bölə bilmirlər” başlıqlı məqalələrdə onun şərəf və ləyaqəti ləkələnib. Bu yazılarda M.Qurbanova ilə keçmiş Əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov arasındakı əmlak davasından bəhs olunur.
M.Qurbanovanın iddiasına görə, A.Məmmədov yazılarında onu “Lombard Məlahət” kimi təqdim etməklə işgüzar nüfuzuna zərbə vurub.
M.Qurbanovanın iddiasına Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftiyev baxır. Hakim məqalələri linqvistik ekspertizaya göndərib, “lombard Məlahət” ifadəsinin təhqir olub-olmadığının müəyyənləşdirilməsini istəmişdi.

Jurnalistin Meydan TV-yə bildirdiyinə görə, rəydə yazılıb ki, məqalədə Məlahət Qurbanovanın “Lombard Məlahət” kimi tanınması barədə “ibarələr”də “Lombard” sözün lüğəti izahı baxımından təhqiramiz məna ifadə etmir.

“Lakin Məlahət Qurbanova cəmiyyətdə, kollektivdə, onu tanıyan şəxslər arasında “Lombard Məlahət” ayaması ilə tanınmırsa, kütləvi yayımlarda belə bir adla indiyədək təqdim edilməyibsə və bu ayama “criminal.az” saytında bilə-bilə, qəsdən işlədilibsə, onda məqsədyönlü şəkildə M.Qurbanovanın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilə bilər”, – ekspert belə yazıb.

A.Məmmədov bu rəylə razılaşmır. Jurnalistin sözlərinə görə, ekspertin bu rəyindəki cümlələr bir-birinə ziddir: “Bir tərəfdən deyir ki, “lombard” sözü təhqir deyil, o biri tərəfdən iddia edir ki, mən bunu qəsdən, işgüzar nüfuzu zədələmək məqsədilə işlətmişəm. Birincisi, təhqir hesab olunmayan sözü qəsdən və ya bilməyərəkdən işlətməyin heç bir fərqi yoxdur. İkincisi, rəsmi sənədlərdə, küçələrdə tikililərin üstündə də “lombard” sözü yazılırsa, bunu heç bir halda, təhqir kimi təqdim etmək mümkün deyil. Ən əsası, burada ekspert faktiki mənim niyyətimi sorğulayır. Ekspert sözün mənasına qiymət verməlidir, mənim niyyətimə yox”.
A.Məmmədov onu da bildirib ki, bundan əvvəl M.Qurbanovanın eyni iddiasını iki dəfə Yasamal Rayon Məhkəməsi rədd etmişdi. Son vaxtlar jurnalist fəaliyyətinə görə təzyiqlərə məruz qaldığını, hədələndiyini deyən A.Məmmədov istisna etmir ki, ekspertin bu cür rəy verməsi onun həbsi üçün əsas yaratmaq məqsədi daşıyır.
A.Məmmədov 2018-ci ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsinin səbəbləri, onun vəzifədə olarkən əhaliyə qarşı davranışları haqda yazılarına görə barəsində cinayət işi başlanmışdı. O, 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edildi.
A.Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir