Süni intellektdə inqilab: “ChatGPT”nin yeni modeli insan kimi düşünməyi öyrəndi

Baxılıb:90
Süni intellektdə inqilab: “ChatGPT”nin yeni modeli insan kimi düşünməyi öyrəndi

“OpenAI” yeni modeli “ChatGPT o1″i təqdim edib. Bu model insan düşüncə prosesini təqlid edərək mühakimə yürütmək və məntiqi məsələləri həll etmək qabiliyyətinə malikdir. O, mürəkkəb tapşırıqları daha sadə addımlara bölür, müxtəlif yanaşmaları təhlil edir və səhvləri düzəldir.

Bu barədə “3DNews” məlumat verib.

Bildirilir ki, “o1” modeli test və yarışlarda mütəxəssislərin nəticələri ilə müqayisə oluna biləcək nəticələr göstərib. Proqramlaşdırma sahəsində “o1” 2024-cü il Beynəlxalq İnformatika Olimpiadasında (IOI) 49-cu yeri tutub, “Codeforces” platformasında iştirakçıların 89%-ni üstələyib. Riyaziyyatda “o1” Amerika Riyaziyyat Olimpiadasının (AIME) seçim mərhələsində ABŞ-nin ən yaxşı 500 tələbəsi sırasına daxil olub.

Təbiət elmlərində model GPQA diamond testində kimya, fizika və biologiya sahəsində bilikləri qiymətləndirən doktorların və elmlər namizədlərinin nəticələrini üstələyib.

Tərtibatçılar qeyd edirlər ki, bu, modelin hər hansı elmlər namizədindən üstün olduğu demək deyil, lakin onun yüksək ixtisaslı mütəxəssislər səviyyəsində məsələləri həll etmək qabiliyyətini nümayiş etdirir.

“o1” modeli həmçinin MMMU və MMLU daxil olmaqla, intellekt və problemlərin həlli testlərində əvvəlki modelləri üstələyib. “OpenAI”nin məlumatına görə, “o1” məntiqi düşüncə ilə bağlı tapşırıqlarda “GPT-4o”dan əhəmiyyətli dərəcədə üstündür. AIME testlərində “o1” orta hesabla məsələlərin 83%-ni həll edib, “GPT-4o” isə 13%-ni.

Ancaq “o1” “GPT-4o”dan daha yavaş işləyir və onun xidməti daha bahadır. O, ensiklopedik biliklər baxımından “GPT-4o”dan geri qalır, veb səhifələri, faylları və şəkilləri emal edə bilmir.

Modelin uğuru yeni təlim alqoritmi – “düşüncə zənciri” ilə izah olunur. Bu, modelə səhvləri tanımaq və düzəltmək, mürəkkəb addımları daha sadələrə bölmək və müxtəlif yanaşmaları sınamaqla nəticələrini yaxşılaşdırmağa imkan verir.

“OpenAI” “o1-preview” modelinin ilkin versiyasını buraxıb. Bu, “ChatGPT”də istifadə üçün və API vasitəsilə tərtibatçılar üçün əlçatandır. “o1-preview”dən istifadənin qiyməti bir milyon giriş tokeni üçün 15 dollar və 1 milyon çıxış tokeni üçün 60 dollardır. “GPT-4o” isə müvafiq olaraq 5 və 15 dollara başa gəlir.


Abunəlik