İranın Zəngəzur dəhlizi kampaniyası: Azərbaycan üçün təhdid və imkanlar

Baxılıb:50
İranın Zəngəzur dəhlizi kampaniyası: Azərbaycan üçün təhdid və imkanlar

İran KİV-lərində Zəngəzur dəhlizi, Rusiyanın, dolayısı ilə həm də Azərbaycanın ünvanına təhdidlər yenə də aparıcı mövzu olaraq qalır. Yalnız son üç gün – ötən həftənin şənbə, bazar günləri və bu həftənin ilk günü mövzu ilə bağlı farsdilli saytlarda izlədiyimiz yazıların texniki tərcümə mətnlərinin ümumi həcmi 230 kompüter səhifəsinə yaxındır (590 min işarə).

Əlavə olaraq ərəb, rus, türk və ingilisdilli kontentin də həcmi təxminən bu qədərdir. Bu həcmdə materialların tam analitik rezumesini hazırlamaq və ya onlar əsasında kontent analizi işləmək fiziki baxımdan mümkün deyil. Həm də yazılan təhlillər, şərhlər, alınan müsahibələrdə əsas vurğular, tezislər əksərən eynidir – İranın qırmızı cizgilərindən, Rusiyanın strateji səhv etməsindən bəhs olunur və s.

Bu ajiotajın, daha dəqiqi yazı, reportaj, şərh, təhlil, müsahibə, tezis “bombardman”ının arxasında sezilən, bəzi təhlillərdə isə açıq ifadə olunan məqamlar belədir:

1) Kampaniyanın məqsədi Rusiyanı Azərbaycanı deyil, İranı seçməyə məcbur etməkdir;

2) Rusiya qarşısında uzun illər duyulan qorxaqlıq, cəsarətsizlik kompleksinin heyifi çıxılır. Hətta II Qarabağ savaşından sonra ilk dəfə Rusiyanın tənqidinə yer veriləndə dərhal öz KİV-ləri cavab mətnləri dərc edir, Rusiyanı İranın dostu kimi mədh edirdilər. İndi hesab edirlər ki, Ukraynanın Kursk əməliyyatı Moskvanın zəifliyini ortaya qoyub, bundan sonra o, İranla böyük qardaş tonunda davrana bilməz;

3) Bəzi təhlillərdə qeyd edilir ki, Rusiyanın məqsədi İranın Ermənistan üzərindən ABŞ-la təmasa girməsinin qarşını almaqdır. Məsələn, politoloq, 10-cu çağırış İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Heşmətullah Fəlahətpişə “X” (Tvitter) səhifəsində yazıb: “Zəngəzur dəhlizi Putinin İranın yeni hökuməti ilə ABŞ arasında kommunikasiya kanalları yaradılması imkanının qarşısını almaq üçün qabaqlayıcı hücumudur”. Bununla da etiraf olunur ki, kampaniyanın bir məqsədi də Rusiyadan uzaqlaşıb Qərbə yönəlməkdir.

Ötən il Çinin, ardınca Rusiyanın İranın 1970-ci illərdə indiki BƏƏ-yə daxil olan əmirliklərdən qəsb etdiyi üç ada üzərində BƏƏ-nin suverenliyini tanıması, daha sonra Pakistan-İran və Əfqanıstan-İran ixtilaflarında Pekinin Tehranı müdafiə etməməsi, əksinə güzəştə məcbur etməsi, eyni zamanda Həmasla İsrail arasında başlamış toqquşmalarda Rusiyanın hər hansı dəstəyinin olmaması İranı yenidən Qərblə yaxınlaşmaq haqda yollar axtarmağa vadar edir. Və ya Rusiya və Çinə belə axtarışda olduğu haqda mesajlar verməyə çalışılır. İranın niyə İsraillə savaşan Həması açıq dəstəkləməməsi haqda ittihamlara cavab olaraq hələ ilin əvvəllərində ali dini liderin şəxsən nəzarət etdiyi “Keyhan” qəzeti savaşın Rusiyanın işinə yaradığı, bir gün Kiyev Moskvanın şərtləri ilə sülhə razı olarsa, bunun səbəbinin Həmasın başlatdığı müharibə olacağını yazmışdı. İslahatçı namizəd, Qərblə danışıqlar tərəfdarı olan, İranın Yaxın Şərq savaşından daha ciddi problemləri olduğunu bəyan edən Məsud Pezeşkianın prezident seçilməsinə şərait yaradılması da, görünür, Qərblə yaxınlaşma planlarına daxil imiş.

4) İran Kremlin Zəngəzurla bağlı bəyanatlarını, Azərbaycanın lehinə görünən mövqe tutmasını son illər Tehrana etdiyi “xəyanətlər” silsiləsində görür. İranlı ekspertlərə görə, bu “xəyanətlər” yuxarıda qeyd etdiyimiz kimi üç ada məsələsində ərəblərin tərəfini tutmaq, BMT səsvermələrində İranın əleyhinə səs vermək, nüvə danışıqlarında İranın uğursuzluğuna səbəb olmaq, İranın öz istəyinin ziddinə olaraq Ukrayna ilə münaqişəyə tərəf kimi cəlb etməkdir. Sonuncu “xəyanət” isə Zəngəzur dəhlizi ilə bağlı antiiran mövqedir.

Xatırladaq ki, Rusiya Luqansk və Dneprdə kvazidövlətlər yaradandan dərhal sonra İran həmin qurumlarla ticarət tərəfdaşlığı anlaşmalarına girmiş, bununla da heç bir postsovet ölkəsinin, hətta Belarusun etmədiyi şəkildə davranaraq onları de-fakto tanımışdı. Savaşdan bir il əvvəl isə İran KİV-ləri dezinformasiya yaymışdılar ki, Ukrayna gələcək Krımda döyüşmək üçün suriyalı muzdlular cəlb edir, sonradan bu muzdluların əslində Rusiya tərəfindən cəlb edildiyinin şahidi olduq. Savaş başlayandan sonra da dini rəhbər öz Tvitter hesabında Rusiyanın beynəlxalq imperializmə qarşı döyüşməsi haqda tvitlər paylaşmış, Ukrayna torpaqlarının işğalına bəraət qazandırmışdı. Bundan sonra da Ukraynaya qarşı istifadə olunmaq üçün silah tədarükünə başlamış, rus ordusunu dronlar və ballistik raketlərlə təchiz etmişdi. Bu, onsuz da sanksiya altında olan İranı yeni sanksiyalara məruz qalmasına səbəb olur;

5) İran dəhlizlə bağlı müzakirələr başlayan ilk vaxtlar lazım gələrsə Çin və Rusiyanın dəstəyi ilə Azərbaycana öz şərtlərini qəbul etdirəcəyini bildirirdi. Azərbaycan diplomatiyasının həm Rusiya, həm Çinin, əslində həm də Qərbin bu məsələdə dəstəyini qazana bilməsi İran tərəfini qəzəbləndirir, səhvlər, xətalar buraxmağa sövq edir. Bəzi analitiklər bu məqama diqqət çəkir, Azərbaycanın Rusiya-İran qarşıdurmasından daha çox qazanacağını deyir, Tehranı Rusiya ilə açıq konfrantasiyadan qaçmağa çağırırlar;

6) Dini liderə yaxın KİV-lərlə islahatçıların əsas nəşrləri, demək olar, yaxın mövqedən çıxış edirlər. Dini liderə yaxın KİV-lər Rusiyadan uzaqlaşıb “nə Qərb, nə Şərq” siyasətinə qayıtmağı təklif edirlər, islahatçılar isə bu ixtilafı bir az da gərginləşdirib daha çox Qərbə meyllənməyi təbliğ edirlər. Bu tendensiya davam edəcəyi təqdirdə, görünür, Rusiya-İran soyuqlaşmasının daha da dərinləşməsinin şahidi olacağıq. Bunun bölgəyə təsiri qaçılmazdır. Türkiyə və Azərbaycanda uzun müddətdir İran-Rusiya-Türkiyə-Azərbaycan ittifaqı haqda danışanların ilk antiiran bəyanatları eşidilməkdədir, yəqin ki, rusiyameyilli dairələrin antiiran çıxışları daha çox artacaq;

7) Gedən çoxlu yazılarda Azərbaycana qarşı bir linqvistik-terminoloji qəsd də nəzərə çarpır: “Zəngəzur dəhlizi” ifadəsi tədricən “Sünik dəhlizi” (dalane Sunik) ifadəsi ilə əvəzlənir. Yazılar həddən artıq çox olduğundan bu terminoloji sui-qəsd müəyyən qədər uğurlu ola, özünə vətəndaşlıq hüququ qazana bilər, ən azı, İran KİV-lərində. Amma əvvəllər təklif olunan “Mehri dəhlizi” və ya “NATO-Turan dəhlizi” kimi ifadələr uğur qazana bilməmişdi.

8) Hələlik kampaniyanın əsas hədəfi Rusiya olsa da, Azərbaycan da hədəfdən yayınmır, ara-sıra Azərbaycanı cəzalandırmaq, sərhəd boyu yeni əzələ nümayişi təlimləri keçirməyə çağırışlar edilir.


Abunəlik