Paralimpiya çempionu: “Qızıl medal qazanacağıma inanırdım”
“Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan ilk azərbaycanlı parataekvondoçu olduğum üçün çox xoşbəxtəm”.
Bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondo üzrə Azərbaycan millisinin üzvü İmaməddin Xəlilov (K44, 70 kiloqram) jurnalistlərə açıqlamasında deyib. O, əldə etdiyi nəticəyə görə Azərbaycan xalqına təşəkkür edib: “Özümlə qürur duyuram. Sosial şəbəkələrdə çoxlu dəstək mesajları alırdım. Bilirdim ki, çempion olacağam. Bu nəticə gələcəkdə digər idmançılar üçün də əlavə stimul olacaq. Qələbəmi şəhidlərimizə həsr edirəm”. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal (1qızıl və 1 bürünc) əldə ediblər. İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb. Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.