Xəzər can verir: Məsuliyyəti kim daşıyır? – Problem qlobal arenaya çıxarılacaq

Baxılıb:56
Xəzər can verir: Məsuliyyəti kim daşıyır? – Problem qlobal arenaya çıxarılacaq

ABŞ-da hazırlanan son hesabata görə, Xəzər dənizində böyük ekoloji və ekosistem fəlakəti hökm sürür. Bölgədən hərbi məqsədlər üçün istifadə edən və su axınını kəsən Rusiya fəlakətə görə məsuliyyət daşıyır. Fəlakətdən əziyyət çəkən ölkələr sırasında olan Azərbaycan problemi qlobal arenaya çıxarmağa hazırlaşır.

Dünyanın beyin mərkəzlərindən biri olan Karnegi Beynəlxalq Sülh Fondunun hazırladığı son hesabatda Rusiyanın Xəzər dənizindən hərbi məqsədlər üçün istifadə edərək və su axınını azaldaraq onun ekosisteminə böyük ziyan vurduğu bildirilib.

Hesabatda yer alan məlumata görə, Azərbaycan ekoloji fəlakətdən ən çox zərər çəkən ölkələrdən biridir. Noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransında məsələnin dünya ictimaiyyətinin gündəminə gətiriləcəyi də vurğulanıb.

Qeyd olunur ki, Rusiyanın ekoloji və xarici siyasəti nəticəsində Xəzər dənizində ekosistemin məhv edilməsinin görünən və əsas təsirləri iyulun əvvəlində özünü biruzə verməyə başlayıb. Azərbaycan sahillərində baş verən kütləvi balıq ölümlərini araşdıran tədqiqatçılar belə qənaətə gəliblər ki, Rusiyanın Xəzər dənizindəki raket gəmilərindən Ukraynaya göndərdiyi uzaqmənzilli idarə olunan ballistik raketlər regionda böyük ekoloji fəlakət yaradıb. Hazırlanmış ekoloji hesabatlar Rusiyanın müvafiq qurumlarına göndərilsə də, hesabatlara cavab verilməyib. Azərbaycan Biomüxtəliflik Agentliyi öz hesabatında belə qənaətə gəlib ki, hərbi istifadədən sonra Xəzər dənizində su tədricən isinir və nəticədə oksigen səviyyəsi azalır.

Oxşar hesabatlar Kremlə Qazaxıstan və Türkmənistandan da göndərilib. İki ölkənin ətraf mühit nazirliklərinin hazırladığı hesabatlarda yüzlərlə suitinin öldüyü bildirilib. Rusiya ölümlərin “təbii səbəblərdən” baş verdiyini iddia etsə də, 2023-cü ilin fevralında hazırlanan yekun hesabatlarda hərbi fəaliyyətlə yanaşı, Xəzər dənizində ətraf mühitin çirklənməsi səbəbindən infeksiyaların artdığı da qeyd edilib.

Bu proses zamanı müxalif Rusiya mətbuatı da bölgədə istifadə edilən “Kh-55” raket və bombardmançı yanacaqların bölgəni fəlakətə sürüklədiyi barədə məlumatları ictimaiyyətlə paylaşıb. Bölgədəki gəmilərdən atılan raketlərin də dənizdə kütləvi ölümlərə səbəb olan şok effektləri yaratdığı barədə məlumatlar da medianın xəbərlərində yer alıb. Rusiya mətbuatının yazdığına görə, Moskva regionda biomüxtəlifliyin və siyasi sabitliyin qorunmasını nəzərdə tutan Xəzər Konvensiyasını və Tehran Konvensiyasını pozur.

Məlumata görə, Rusiyanın müharibənin yaratdığı kənd təsərrüfatı böhranı zamanı istehsalı artırmaq üçün Volqa çayının suyunu öz ərazisinə yönəltməsi Xəzər dənizi üçün dağıdıcı nəticələrə səbəb olub. Dəniz suyunun beşdə dördü Volqa çayından gəlir. Artıq dəniz suyunun səviyyəsi kritik həddə çatıb.

Reportajda daha bir maraqlı detal Türkiyə ilə bağlıdır. Müvafiq hesabatda Montrö Boğazları Konvensiyasına əsasən Qara dəniz donanmasına açıq dənizlərdən dəstək verə bilməyən Rusiyanın Volqa-Don kanalı vasitəsilə Xəzər dənizindəki donanmasını səfərbər etdiyi bildirilir.


Abunəlik