Sabah “planetlərin paradı” başlayır: Adi gözlə görmək mümkün olacaq
Avqustun 28-də səhər saatlarında Günəşin bir tərəfində altı planet və Yerin peyki təxminən 160 dərəcə sektorda düzülərək planetlərin şərti paradını təşkil edəcək.
Bu barədə Moskva Planetariumunun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, planetlərin bəzisi bir gün əvvəl görünəcək, ona görə də paradı avqustun 27-də Bakı vaxtı ilə saat 22:00-dan etibarən müşahidə etmək tövsiyə olunur.
Veneradan başqa, bütün planetlər Yer kürəsinin qübbəsində Günəşin bir tərəfində yerləşəcək və onları eyni zamanda görmək mümkün olacaq. Merkuri, Mars, Yupiter və Uran səmanın şərq hissəsində, Neptun və Saturn isə cənub-qərbdə olacaq.
“Aydın havada Neptun və Urandan başqa, bütün planetləri adi gözlə görmək olacaq. Bununla belə, Merkurini tapmaq kifayət qədər çətin ola bilər. Çünki onun görünmə qabiliyyəti bir saatdan az vaxt təşkil edir, üfüqdə çox aşağıda yerləşir və günəşin parlaq şüaları arasında görünməz olur. Neptun və Uranı görmək üçün sizə teleskop və ya güclü durbin lazımdır”, – deyə qurumdan bildirilib.
“Planetlər təxminən 160 dərəcə sektorda olacaq ki, bu da hadisəni əminliklə planetlərin paradı adlandırmaq üçün olduqca böyük göstəricidir, lakin yenə də şərti parad kimi təsnif edilir. Bu terminin özü elmi terminlərə aid edilmir və astronomiyanın populyarizasiyasına xidmət edir”, – deyə planetariumdan əlavə edilib.
“Planetlərin müşahidəsinə daha əvvəldən başlamaq olar. Avqustun 27-də Bakı vaxtı ilə saat 22:00-dan sonra ilk olaraq Saturn və Neptun (teleskopla görünən), gecə yarısından sonra isə Uran (teleskopla görünən), Yupiter, Mars və Ay üfüqün arxasından çıxacaq. Merkuri şərq üfüq xətti ilə əlaqədar olaraq, Bakı vaxtı ilə saat 05:15-dən sonra, sübh vaxtı yüksələcək”, – deyə qurumun mətbuat xidmətindən qeyd edilib.