Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi keçirildi

Baxılıb:88
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi keçirildi

Avqustun 26-da Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın şəhərindəki Bayraq meydanında Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi keçirilib. Bayram ab-havası ilə keçirilən mərasimdə doğma Vətənə qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın Şəhəri Günü münasibətilə sakinləri təbrik edib. Qeyd edib ki, artıq ikinci dəfədir ki, Laçın Şəhəri Günü qeyd edilir. Əlamətdar gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunub.

“Otuz ilə yaxın işğal dövründə düşmən Laçın şəhərini xarabalığa çevirmişdi. Laçının azad olunmasından başlayaraq qısa dövr ərzində burada bərpa-quruculuq işləri aparılıb. Hazırda Laçın şəhəri əvvəlki əzəmətini bərpa etməkdədir. Bir daha bayram münasibətilə bütün laçınlıları təbrik edirəm”, – deyə M.Məmmədov diqqətə çatdırıb.

Laçın rayon 2 nömrəli tam orta məktəbin direktoru Sevinc Cabbarova və laçın sakini Qəzənfər Hüseyn Qarabağ və Şərqi Zəngəzurun Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilməsindən sonra geniş bərpa-quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edildiyini, bu torpaqların, o cümlədən uzun illər sonra geri qayıtdıqları Laçının yenidən dirçəldiyini qeyd ediblər. Həmçinin əsrarəngiz təbiəti ilə məşhur olan Laçının doğma Azərbaycanın şanlı tarixini öz qəlbində yaşadan məkan olduğu bildirilib.

Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə Bayraq meydanından “Lacinema” Kino Mərkəzinə yürüş keçirilib.

Qonaqlar Kino Mərkəzində “Laçınım mənim” rəsm sərgisi və “Zamanın qanadlarında – Laçın” fotosərgisi ilə tanış olublar.

Bu gün doğma Laçınımızın füsunkar və əsrarəngiz, yaşıl təbiəti müxtəlif tədbir proqramları ilə al-əlvan rənglərə boyanıb. Gün ərzində keçiriləcək tədbirlər nəinki laçınlıların, eləcə də bütün Azərbaycan xalqının yaddaşında daim qalacaq. Belə ki, Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümü münasibətilə geniş bayram proqramı tərtib edilib. Şəhərin mənzərəli terrasında rəngarəng proqramlar həyata keçiriləcək. Məkanda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunacaq. Ustad dərslərində şəbəkə, həsir sənəti, keramika, misgərlik və s. sahələr üzrə məlumat veriləcək, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdiriləcək.

Həmçinin gün ərzində Həkəri çayının sahilində “Can Laçın” yarmarkası (Laçın mətbəxinin təqdimatı), Dağların nəfəsi – poeziya saatı və uşaqlar üçün tədbirlər (çərpələng uçurtma, maska, şar və torba oyunları, “face art” və s.) təşkil olunacaq.

Qeyd edək ki, ötən ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilib.


Abunəlik