Yeni araşdırmanın nəticələri açıqlandı: Rəqəmsal asılılığın səbəbləri nələrdir?
Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən ölkədə orta məktəb və lisey şagirdlərinin rəqəmsal oyun vərdişlərini müəyyən etmək üçün aparılan araşdırmanın nəticələri açıqlanıb.
Nəticələrə əsasən, orta məktəb və lisey şagirdlərinin rəqəmsal oyun aludəçiliklərinə təsir edən amillər tənhalıq və can sıxıntısıdır.
Orta məktəb səviyyəsində 11 min 891, lisey səviyyəsində 8 min 493 olmaqla, 20 min 384 şagirdin qatıldığı araşdırma çərçivəsində rəqəmsal oyun, internet və sosial media asılılığı ilə xoşbəxtlik, kiberzorakılıq, can sıxıntısı, stres və tənhalıq halları tədqiq edilib.
Nəticədə, getdikcə artan sosial media asılılığı ilə bağlı mühüm məqamlar üzə çıxıb. Lisey şagirdlərinin 50 faizinin, orta məktəb şagirdlərinin isə 35 faizinin sosial media asılılığı riski altında olduğu müəyyən edilib.
Həmçinin, rəqəmsal oyun asılılığına təsir edən amillər də məlum olub. Tənhalıq, can sıxıntısı, xoşbəxtlik, internet və sosial media asılılığı və kiberzorakılıq ən çox təsir edən amillər sırasında yer alıb. Tələbələrin xoşbəxtlik səviyyələri, tənhalıq və can sıxıntısı kimi amillər rəqəmsal oyun asılılığının səviyyəsini artırdığı halda, xoşbəxtlik artdıqca, oyun asılılığının səviyyəsinin də azaldığı müşahidə edilib.
İnternetdən istifadənin artması ilə şagirdlərin 10 faizinin ortasəviyyəli kiberzorakılığa məruz qaldığı, yüksək səviyyəli kiberzorakılığın isə nadir baş verdiyi müəyyən edilib.
Araşdırmaya əsasən, tənhalıq hissinə orta məktəb və lisey şagirdlərində tez-tez rast gəlindiyi halda, lisey şagirdlərində narahatlıq səviyyəsinin orta məktəb şagirdlərinə nisbətən daha yüksək olduğu məlum olub.