Gürcüstan-Qərb qarşıdurması pik həddə: Xalqa müharibə “vədi”
Gürcüstanda siyasi vəziyyət gərgin olaraq qalır. Qərblə qarşıdurma pik həddə çatıb. ABŞ prezidenti Cozef Bayden başda olmaqla, bir çox ölkələrin liderləri bu ölkənin daxili işlərinə qarışmaqda davam edir. Proseslərin gedişi ona deməyə əsas verir ki, Gürcüstan növbəti geosiyasi qarşıdurma arenasına çevrilə bilər. Payızda kritik parlament seçkiləri keçiriləcək. Qərb müxtəlif strukturları vasitəsilə hər vəchlə bu ölkədə hakimiyyət dəyişikliyinə çalışır. Ölkənin ərazi bütövlüyü təmin olunmayıb. Keçmiş prezident Mixeil Saakaşvili hələ də həbsdədir. Qərbyönümlü sayılan və səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalan prezident Salome Zurabişvili onu əfv edəcəyini bəyan edib. Halbuki xanım prezident iki il əvvəl Saakaşvilini “heç vaxt əfv etməyəcəyini” bildirmişdi. Odur ki, keçmiş prezidentin azadlığa buraxılması məsələsinə münasibət fərqlidir.
Münasibətləri korlayan qanun
Ən ciddi, mühüm mübahisə mövzularından biri də parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsidir. Bu addım ABŞ başda olmaqla, Qərblə Gürcüstan arasında münasibətləri daha da gərginləşdirib. Birləşmiş Ştatlar Gürcüstan üçün nəzərdə tutulan 95 milyon dollardan artıq maliyyə yardımını dayandırıb, vəsaitin qeyri-hökumət təşkilatlarına veriləcəyi bildirilir. Dövlət katibi Antoni Blinken hətta rəsmi Tbilisini “antidemokratik fəaliyyət göstərməkdə və yalan açıqlamalar verməkdə” ittiham edib.
Məsələ ondadır ki, Gürcüstan bu qanunu qəbul etməklə, təkcə öz ərazisində xarici təsirləri azaltmır. Həm də ərazisindən ötürülərək ümumilkdə Cənubi Qafqaza yönəlik “qrantları” nəzarətə götürür. Sirr deyil ki, Gürcüstan uzun illər ərzində bu sahədə plasdarm rolunu icra edib. “Qrant” adı altında Qərb mərkəzlərindən bölgəyə gətirilən qanunsuz vəsaitlər Gürcüstanda yerləşdirilib, buradan paylaşdırılıb.
Hakim partiya Qərbi ittiham edir
Belə bir durumda Gürcüstan hakimiyyəti növbəti dəfə Qərb nümayəndələrini parlament seçkilərinə müdaxilədə ittiham edib. “Gürcü Arzusu” liderlərinin fikrincə, müxalifətin demokratik mübarizədə qalib gəlmək şansı yoxdur, ona görə də səsvermədən sonra iğtişaşlara başlamağı planlaşdırır. ABŞ bu ssenaridə iştirakını inkar etsə də, Tbilisi sakitləşmir. “Konkret siyasi partiyaların seçki kampaniyaları birbaşa xaricdən maliyyələşdirilir ki, bu da qətiyyən qəbuledilməzdir, ağlasığmazdır. Buna mütləq cavab verilməli və bizim nə ilə məşğul olduğumuz aydınlaşdırılmalıdır”, – “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze deyib. Kaladze hətta siyasi rəqiblərinin qalib gələ biləcəyi fikrini yaxın belə buraxmır. “Ölkəni müharibəyə sürükləyən, yaxud sanksiyalara qoşulmağı və ölkəsinin iqtisadiyyatına zərər vurmağı seçən, başqa bir ölkənin maraqlarını təmin edən heç bir siyasi partiya qalib gələ bilməz. Bugünkü vəziyyət belədir. Xalq kənardan idarə olunan bu qrupa parlament seçkiləri zamanı layiqli cavabını verəcək”, – deyə siyasətçi bildirib.
Partiyanın icraçı katibi Mamuka Mdinaradze xarici dövlətləri Gürcüstanın daxili işlərinə maliyyə müdaxiləsini dayandırmağa çağırıb. “Biz xarici dost ölkələr və onların nümayəndələrini Gürcüstanın daxili işlərinə maliyyə müdaxiləsini dayandırmağa çağırırıq. Onların özləri də bilirlər ki, bu, ölkədə hansı təlatümlərə səbəb ola bilər”, – o bildirib.
Gürcü xalqına müharibə vədi
Müxalifətin çevriliş hazırlamaq və ölkənin müharibəyə qoşulması iddiaları “Gürcü Arzusu”nun seçki kampaniyasının əsas elementlərinə çevrilib. Parlamentin spikeri Şalva Papuaşvili hesab edir ki, müxalifətə Ukraynaya könüllülər göndərməsi və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsi üçün bir həftə kifayətdir. “Gürcüstan müharibəyə cəlb olunacaq. Onlar gürcü xalqına müharibə vəd edirlər”, – Papuaşvili əmin edib.
Müxalif deputatların sayı azalacaq?
Paralel olaraq hakimiyyət ictimaiyyəti müxalifətin parlamentdəki iştirak səviyyəsinin azalacağına hazırlayır. Parlament çoxluğunun lideri Mamuka Mdinaradze eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkatı”ndan başqa heç kimin beş faizlik baryeri keçə biləcəyinə qətiyyən inanmır. “Gürcü Arzusu”nun keçmiş üzvlərindən toplanmış “Xalq hakimiyyəti” partiyasının icraçı katibi Quram Maçaraşvili hesab edir ki, parlamentdə indiki 55 müxalifətçinin əvəzinə maksimum 30-40 nəfər qalacaq.
Hədəfdə İvanişvilidir
Müxalifət isə əks arqumentlər irəli sürür. Bəziləri bu qənaətdədir ki, hakimiyyət antiqərb addımları və hərəkətləri ilə Gürcüstanın beynəlxalq mövqelərini ciddi şəkildə təhlükə altına qoyur. Bütün bunların arxasında Gürcüstanın “boz kardinal”ı hesab edilən Bidzina İvanişvili durur. O, hər vəchlə ölkəni Rusiyanın himayəsinə qaytarmağa çalışır. İvanişvilinin rəqibləri bu günlərdə onun ünvanına sərt ittihamlar səsləndiriblər. Bidzina İvanişvilinin əleyhdarları oliqarxın Rusiya ilə şəxsi əlaqələrini gücləndirdiyinə dair araşdırma dərc ediblər. Bildirilib ki, “Gürcü Arzusu”nun təsisçisinin Rusiyada ümumi dəyəri 14,7 milyon dollar olan mənzil və torpaq sahələri var, xüsusən də onun ailəsinin Moskvada və Moskva vilayətinin Odintsovo rayonunda iki evi var.
İvanişvilinin tərəfdarları isə müxalifətin yalan danışdığını iddia edirlər. Onların qənaətincə, hər şey doğru olsa belə, burada qanunsuz heç nə yoxdur. Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bildirib ki, İvanişvilinin son 20-25 ildə ümumiyyətlə Rusiya ilə heç bir əlaqəsi olmayıb. “Onun Rusiyanı tərk edib Gürcüstana gəldiyi ili dəqiq xatırlamıram”, – Kaladze deyib. Onun fikrincə, müxalifət parlament seçkiləri öncəsi hakim partiyanın nüfuzunu sarsıtmaq üçün qəsdən dezinformasiya yayıb.
Göründüyü kimi, qarşılıqlı ittihamlar və bəyanatlar zaman keçdikcə artır. Gürcüstanı qarşıda gərgin və maraqlı hadisələr gözləyir. Seçkilər yaxınlaşdıqca da, proses daha rəngarəng hal alacaq.