Macarıstanın Rusiya ilə bağlı qərarı Avropanı qarışdırdı: 8 ölkə hərəkətə keçdi

Baxılıb:98
Macarıstanın Rusiya ilə bağlı qərarı Avropanı qarışdırdı: 8 ölkə hərəkətə keçdi

Avropa İttifaqının səkkiz ölkəsinin nazirləri Avropa Komissiyasına məktub göndəriblər. Buna səbəb Macarıstanın Rusiya və Belarus vətəndaşlarının girişini sadələşdirməsidir.

Məktub “X” sosial şəbəkəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna tərəfindən yerləşdirilib.

Məktubda deyilir: “Macarıstanın cavabı, sizin təhliliniz və növbəti addımlarınız milli təhlükəsizliyimizin təmin edilməsi üçün çox vacibdir. Təhlükəsizlik təhdidlərini qiymətləndirmək üçün Komissiyanın Macarıstan hakimiyyət orqanlarından aydınlıq aldıqdan sonra paylaşa biləcəyi hər hansı əlavə məlumatı yüksək qiymətləndiririk”.

Bundan əvvəl Avropa Komissiyası Macarıstan hakimiyyətinə Budapeştin Rusiya və Belarus vətəndaşları üçün viza qaydalarını yumşaltmaq qərarı ilə bağlı sualların siyahısını göndərmişdi. Macarıstan da öz növbəsində milli təhlükəsizliyi təmin etmək üçün üçüncü ölkə vətəndaşlarına qarşı ciddi yoxlamalar apardığını bildirib.

Məktubda nazirlər Rusiyanın Aİ ölkələrinə və Şengen zonasına qarşı “aqressiv fəaliyyətini gücləndirdiyini” də qeyd ediblər. Bundan əvvəl Avropa Komissiyasının bir qrup deputatı da Macarıstana qarşı viza rejiminin yumşaldılması ilə bağlı tədbir görülməsi tələbi ilə Avropa Komissiyasının sədrinə müraciət etmişdi.


Abunəlik