Bakıda su PROBLEMİ: Nəsimi və Yasamal sakinləri günlərdir içməli suya HƏSRƏTDİR

Baxılıb:88
Bakıda su PROBLEMİ: Nəsimi və Yasamal sakinləri günlərdir içməli suya HƏSRƏTDİR

Bir neçə gündür Bakı şəhəri Nəsimi və Yasamal rayonlarında sakinlər su üzünə həsrət qalıblar.

Redaksiyaya daxil olan şikayətlərə əsasən, günün yalnız səhər saatlarında qısa vaxt ərzində içməli su verilir. Bu isə isti yay günlərində məişət problemlərini yoluna qoymaq üçün yetmir. Sakinlərin dediklərinə görə, günlərdir problemin səbəbini öyrənmək üçün “Azərsu” ASC-nin nə qaynar xətti ilə əlaqə yarada bilirlər, nə də zənglərə cavab verən tapılır.

Bəs iki böyük rayonun su problemi nə vaxt həllini tapacaq?

Bizim.media məsələni aydınlaşdırmaq üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞBSTX) ilə əlaqə saxlanılıb.

Qurumun mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, sözügedən rayonlarda suyun fasilələrlə təmini Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri ilə bağlıdır:

“Təmir işlərinə avqustun 12-də gecə saatlarından başlanıb. Hazırda həmin ərazidə genişmiqyaslı yenilənmə işləri görülür.

Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər Suraxanı, Ramana, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına su ilə təmin olunması istiqamətində işlər aparılır.

İŞBSTX-nin təşkilatçılığı ilə həmin ərazilərin təminatında su maşınlarından da istifadə olunacaq”.

Qurum rəsmisi əlavə edib ki, Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-da axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.


Abunəlik