Gəncə üsyanından 100 il ötür

Baxılıb:254
Gəncə üsyanından 100 il ötür

Sovet işğalına qarşı 1920-ci ilin mayın 25-də başladılan Gəncədəki xalq üsyanının ildönümüdür. Bu il üsyandan 100 il ötür. Üsyana rəhbərliyi Azərbaycan Cümhuriyyətinin hərbçiləri edib. Araşdırmaçılara görə, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra XI Qırmızı Ordu hissələrinin quldur hərəkətləri, sovetləşmə prosesində cəlb olunmuş ordu hissələrində etnik ermənilərin çoxluğu Azərbaycan türkləri arasında qırğnıların miqyasını artırıb və bu da haqlı olaraq kəskin mübarizə və etiraz dalğaları ilə müşayiət olunub.
Üsyana başçılığı Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov və Cahangir bəy Kazımbəyli ediblər.
Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, bəstəkar Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli 1952-ci ildə nəşr edilmiş “Azərbaycan” jurnalında Gəncə üsyanı haqqında belə yazırdı: “Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü”.
Üsyan mayın 31-də xüsusi amansızlıqla yatırılıb. Tədqiqatçılara görə, bir həftə ərzində hər iki tərəfdən ümumilikdə təxminən 20 min adam ölüb. Minlərlə gəncəli ana yurdundan köçməyə məcbur qalıb. Əgər 1916-1917-ci illərdə Gəncədə 60 291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38 880-dək azalıb.
ABŞ-ın nüfuzlu “New York Times” qəzeti bu üsyan haqqında belə yazırdı: “Yelizavetpolun tatar əhalisi bolşeviklər tərəfindən vəhşicəsinə qırğına məruz qalmışdır”,
Şəhəri tərk etmək imkanları olmayan üsyançılar, habelə dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələnib. Üsyan yatırıldıqdan sonra general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı, Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələnib.
Azərbaycan Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə Gəncə üsyanından belə bəhs edirdi:
“Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər”.
Gəncə üsyanı ölkə boyu zəncirvari şəkildə ayaqlanmalara səbəb olub. Sonradan Tərtər, Lənkəran, Qarabağ, Zaqatala, Quba və digər bölgələrdə müxtəlif üsyanlar baş tutsa da, 1924-cü ildə qədər heç bir üsyan Gəncə üsyanı qədər böyük olmayıb.


AzTimes.az /yenisabah


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir