“Expargo” karqo şirkəti təhvil vermədiyi malın pulunu öz cibinə qoyur? – ŞİKAYƏT

Baxılıb:82
“Expargo” karqo şirkəti təhvil vermədiyi malın pulunu öz cibinə qoyur? – ŞİKAYƏT

Son zamanlar Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan “Trendyol” Azərbaycana məhsulların çatdırılmasında problemlər yaşayır.

Şikayətçi N.Qasımova (ad-soyad şərtidir) bildirib ki, 31 may tarixində “Expargo” karqo şirkəti vasitəsilə “Trendyol”dan 70 manat dəyərində məhsul sifariş verib. Sifariş 12 iyun tarixində xarici anbardan yola çıxıb, 7 iyunda isə gömrük yoxlanışında olub və çeşidlənməyə daxil olub. Lakin iki ay yarımdır ki, sifarişi gəlməyib və ya itib.

Sözügedən karqo şirkətinin əməkdaşı qeyd edib ki, maliyyə şöbəsi məsələni araşdırıb ödənişinizi bir ay müddətində geri qaytaracaq. Lakin məbləğ qaytarılmayıb.

Əməkdaş onu da vurğulayıb ki, son zamanlar bu kimi hallar artıb. Ödənişin sifarişçiyə ümumiyyətlə qaytarılmama ehtimalının da olduğunu vurğulayıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, əgər sifariş olunan mal itirilib, yaxud məhv olubsa, onun tam dəyərini daşıyıcı ödəyir. Əgər mal daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş hesab olunur.

Bundan başqa, icraçı tərəfindən göstərilən xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxılmalara yol verilərsə, yaxud başqa mühüm qüsurlar olarsa istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.

Həmçinin icraçı müqavilənin şərtlərindən kənara çıxaraq xidməti pisləşdirib, yaxud xidmətdə başqa qüsurlara yol veribsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya xidmətin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud xidmət haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.

Qeyd edək ki, “Trendyol” şirkəti üzərindən birbaşa Azərbaycana çatdırılma üsulu ilə malların sifariş verilməsi zamanı yaranmış münasibətlər xarici elementlidir və tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

Daşıma şirkətlərinin xidmətlərindən istifadə zamanı verilən sifarişlərlə bağlı yaranan münasibətlərə isə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir.


Abunəlik