Heydər Əliyev Ziyad Səmədzadəyə nə demişdi? – Deputatlığa 84 yaşlı NAMİZƏD

Baxılıb:67
Heydər Əliyev Ziyad Səmədzadəyə nə demişdi? – Deputatlığa 84 yaşlı NAMİZƏD

Milli Məclisə seçkilər yaxınlaşdıqca, parlamentdə deputatlıq mandatı əldə etmək uğrunda mübarizə aparanların sayı getdikcə çoxalır. İllərdir ki, Milli Məclisin parlament sessiyalarında ağzına su alıb oturan bəzi deputatlarımız, nə təsadüfdür ki, kreslo sevdasından əl çəkmək niyyətində olmadıqlarını budəfəki seçkilərdə də daha ehtiraslı və israrlı şəkildə sübut edirlər.

Sözsüz ki, belə şəxslərdən biri də parlamentin “sonuncu Mogikan”ı, 84 yaşlı Ziyad Səmədzadədir. III, IV, V və VI çağırış Milli Məclisə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputat seçilmiş cənab Səmədzadə budəfəki seçkilərdə də şansını sınamaq qərarına gəlib.

Deputat həmkarlarından fərqli olaraq isə biz bu dəfə Ziyad müəllimin mal-mülklərindən yox, əksinə, onun fəaliyyəti dövründə səsləndirdiyi bəzi ifadələr və çıxışlarından söz açacağıq.
Yenicag.az-ın qalmaqallı deputatlarla bağlı apardığı araşdırmanın bugünkü “qonağı” olan Z.Səmədzadə, adətən, ağıllarda Azərbaycanın müstəqilliyini istəməyən şəxs kimi qalıb. Belə ki, 1991-ci ildə müstəqillik mübarizəsinin ən şiddətli dönəmlərində Azərbaycan SSR Ali Sovetin sessiyasında ölkənin müstəqilliyi müzakirə olunarkən, Z.Səmədzadə bildirmişdi ki, Azərbaycan iqtisadiyyatı müstəqil olmağa imkan vermir. Onun bu sözlərinə isə ulu öndər Heydər Əliyev tərəfindən sərt şəkildə etiraz etmişdi.

H. Əliyev Z.Səmədzadənin sözügedən absurd iddiaları ilə bağlı ona cavabında bu ifadələri işlətmişdi:

“Mən uzun illər Azərbaycana rəhbərlik etmişəm. Ölkə iqtisadiyyatı Azərbaycanın müstəqil olmasına imkan verir”.

Qeyd edək ki, Ziyad Səmədzadə 1995-ci ildən sonra Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dönəmdə deputat ola bilməyib. Z.Səmədzadə Milli Məclisə deputat olaraq, 2005-ci ildə qayıda bilib.

Tarixə bir az da ekskurs edək: 1991-ci ilin martın 10-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında SSRİ-nin saxlanması ilə bağlı referendum məsələsi müzakirə olunarkən Ziyad müəllim Azərbaycanın SSRİ-nin tərkibinə qalması üçün referendumun keçirilməsinə səs vermişdi. Qeyd edək ki, bu direktivlər ovaxtkı Prezident Ayaz Mütəllibova Moskvadan gəlmişdi. Həmin dövrdə Heydər Əliyev və Ali Sovetdə müxalifətçi deputatların təşkil etdiyi “Demokratik Azərbaycan” deputat bloku isə SSRİ-nin saxlanmasınln əleyhinə səs vermişdilər, hətta H.Əliyev açıq şəkildə Azərbaycanın SSRİ-nin tərkibində qalmasının əleyhinə çıxış etmişdi.

Bundan əlavə, Z.Səmədzadə həm də tar çalmağı ilə gündəmə gələn şəxsdir. Hətta onun haqqında zarafatla bu sözləri də deyirlər ki, “Ziyad müəllim tar çalanlar arasında ən yaxşı iqtisadçı, iqtisadçılar arasında da ən yaxşı tar çalandır”.
Xülasə, Azərbaycanın müstəqilliyinə qarşı olan, ölkənin iqtisadi potensialını daim hansısa güclərinin asılılığında olmasını istəyən Ziyad müəllim niyə ömrünün ahıl çağında – 84 yaşında parlamentdəki kreslosundan əl çəkmək istəmir? Parlamentdə digər bəzi həmkarları kimi “susmaq qızıldır” ifadəsini özünə şüar tutan cənab Səmədzadə maraqlıdır ki, ömrü vəfa etsə, bundan sonrakı 5 il ərzində Milli Məclisin kreslosunda hansı problemlərin həlli üçün çabalayacaq? Şəxsən, bu məsələ bizə inandırıcı gəlmir…

Mövzunu davam etdirəcəyik…


Abunəlik