Qiyməti kəskin ucuzlaşır: Bu tarixdə dünya neftdən imtina edəcək
Neftin dünya bazar qiymətində azalma davam edir. Brent markalı neft 2024-cü ildə ən aşağı qiymətə təklif olunur. Hazırda 1 barel neftin qiyməti 76 dollardır. Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir.
Neft bazarında baş verən çalxalanmanın səbəbi nədir? Proses necə davam edəcək?
Bununla bağlı danışan neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, neftin qiyməti 3 iyun tarixindən bu günə kimi ilk dəfə olaraq 77 dollardan aşağı enib.
O əlavə edib ki, bunun iki əsas səbəbi var:
“Birincisi, Çində daha zəif iqtisadi göstəricilərdir. İkincisi, Şimali Amerika və Avropada iqtisadi göstəricilərin proqnoz göstəricilərindən daha az olmasıdır. Yəni sənaye məhsulu az istehsal edilir. Bunun üçün enerji əvvəl nəzərdə tutulduğu qədər tələb edilmir. Ümumilikdə götürsək, bazarda neft bolluğudur. Bazara kifayət qədər xam neft çıxarılır ki, bu da, yay vaxtı qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Bir məsələni də unutmaq olmaz ki, burada hava şəraiti də öz rolunu oynayır. Bütün Şimal Yarımkürəsində indi yay mövsümüdür. Amma adicə Azərbaycanda görürük ki, iyul ayı necə sərin keçir.
Əvvəllər iyulda 30 günün 25 günü kondisioner işləyirdisə, indi 10 gün işləyir. Bu da təbii ki, enerjiyə tələbatın azalması deməkdir. Başqa bir tərəfdən, hər il daha çox yaşıl enerji mənbələri istifadəyə verilir. Ənənəvi enerjiyə ehtiyac əvvəlki səviyyədə deyil. Ona görə də Beynəlxalq Enerji Agentliyinin hesabatında göstərilir ki, 2030-cu ildən sonra artıq neftə olan qlobal tələbat aşağı enəcək. Yəni ola bilsin ki, 2029-cu ildə neft istehlakı pik nöqtəyə çatsın”.