Xəzərdə canlılar kütləvi şəkildə qırılır – Səbəbləri bəlli oldu

Baxılıb:80
Xəzərdə canlılar kütləvi şəkildə qırılır – Səbəbləri bəlli oldu

Xəzər dənizinin müxtəlif hissələrində zaman-zaman canlıların tələf olmasının şahidi oluruq. Bir neçə il öncə Xəzər dənizinin Azərbaycana aid hissəsinin şimal sahillərində suitilərin ölümü hallarına rast gəlinirdi. Hələ o zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının mütəxəssisləri dərhal suiti ölümünün qeydə alındığı ərazilərdə müşahidələrə başlamışdılar. İndi isə dənizin Qazaxıstan sahillərində ölü xərçəng topaları aşkar edilib. Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü Adilbek Kozıbakov ehtimal edir ki, xırda balıqların və xərçənglərin ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.

Bununla bağlıAkademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov açıqlama verib.

O qeyd edib ki, Xəzər dənizinin hər yerində temperatur müxtəlifdir:

“Dəniz canlılarının ölməsinin bir çox səbəbləri var. Dayaz yerlərdə temperatur həddindən artıq artdığı üçün oksigen çatışmazlığı ilə əlaqədar suda yaşayan canlılar tələf olur. Dənizdə kiçik balıqlarla yanaşı böyük balıqlar da ölür. Sadəcə bir məsələ var ki, böyük balıqlar müxtəlif manevrlər edərək dayaz yerlərdən tez çıxırlar. Kiçik balıqlar isə həmiz ərazilərdə ilişib qalırlar. Rusiyanın törətdiyi müharibələr nəticəsində müasir raketlərin çirkləndirici maddələrinin dənizə buraxılması canlıların ölməsinə səbəb olur. Digər məsələ isə suyun kəskin dəyişməsidir. Balaca balıqlar suyun dəyişməsinə daha həssas olurlar”.

S.Səfərovun sözlərinə görə, Xəzərin şərq sahillərində apverlinq hadisəsi baş verir:

“Bu, o deməkdir ki, şərq sahillərində olan isti su kütlələri qərbə doğru hərəkət edir. Onun əvəzinə soyuq su kütlələri yuxarı qalxır. Belə olarkən suyun temperaturu 10-12 dərəcə aşağı düşür. Bu hadisədən sonra kəskin istiləşmə canlıların məhvinə səbəb olur. Bizdə də balıqların ölməsi müşahidə olunur. Xüsusən balaca kefal balıqları sürü şəklində bir neçə ildir ki, iyun, iyul və avqust aylarında ölür. Bunun əsas səbəbi dayaz yerlərdə günəş şüalarının suyu daha çox qızdırmasıdır. Su isindikcə tərkibində olan oksigen buxarlanır. Oksigen az olan suda isə heç bir canlı yaşaya bilməz”.


Abunəlik