Azərbaycanda ət bahalaşaraq Avropadakı qiymətə satılacaq: Bunda kimlər maraqlıdır?

Baxılıb:74
Azərbaycanda ət bahalaşaraq Avropadakı qiymətə satılacaq: Bunda kimlər maraqlıdır?

Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 26,4 min tondan çox ət idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən ətin dəyəri 44,9 faiz və ya 18,1 milyon dollar, həcmi isə 23,7 faiz və ya 5 min ton artıb. Ölkəyə ət idxalında artım qeydə alındığı kimi, qiymətlərdə də artım var. Belə ki artıq ət dükanlarında 17-22 manatdan aşağı ət yoxdur.

Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ətin qiymətinin durmadan artmasına səbəb olan amillər mövcuddur:

“Əsas amil odur ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun 10 ildir qəbul olunsa da, işləmir. İkincisi, kənd təsərrüfatı sistemi vahid olmadığı üçün heyvandarlıq ayrı-ayrı qrupların əlində cəmləşib. Bu zaman kimin suvarma imkanları varsa, bütün qrupları onlar idarə edir. Fərdi təsərrüfatlarda yetişdirilən mal-qara demək olar ki, günü-gündən yox olur. Əhali heyvandarlıqdan imtina edir. Üçüncü problem Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda pambıq əkilməsi barədə hökumətin qərarları oldu. Bu təzyiqlər nəticəsində bir çox insanlar öz təsərrüfatlarını ləğv edib, pambıq əkməyə başladılar. Digər məsələ isə insanların kəndlərdən uzaqlaşması və bu işlərlə məşğul olmamasıdır. Bunların üzərinə heyvan yemlərinin bahalaşmasını da əlavə etmliyik”.

E. Hüseynov diqqətə çatdırıb ki, heyvan yemlərində son üç ildə iki dəfə bahalaşma olub:

“Heyvan saxlamaq üçün yem məsələsi böyük problemə çevrilib. Bundan əlavə, rayonlarda heyvan bazarlarında üçüncü subyektlər ortaya çıxıb. Bunlar da alverçilərdir. Həmin alverçilərin əlindən keçmədən heç bir heyvan satmaq mümkün deyil. Digər mühüm məsələ isə idxaldır. Bu da sözsüz ki, qiymətin artmasına təsir edir. Qiymət artmaqda davam edəcək. Yaxın zamanda ətin qiyməti təxminən Avropa bazarındakı qiymətə bərabər olacaq. Bunun qarşısını almaq üçün meqa-fermalar yaradılmalıdır. Fərdi kənd təsərrüfatı ilə məşğul olan kəndlilərə şərait yardılmaldır ki, özləri heyvanlarını bazara çıxarıb sata bilsinlər”.


Abunəlik