Sərbəst yaşaya bilməyən virus: Hepatitlə bağlı həkimdən XƏBƏRDARLIQ

Baxılıb:59
Sərbəst yaşaya bilməyən virus: Hepatitlə bağlı həkimdən XƏBƏRDARLIQ

“Hepatit A və B əleyhinə vaksin vurdurmaqla bu virusdan tamamilə qorunmaq mümkündür”.

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov qurumun saytına müsahibəsində deyib. Müsahibəni təqdim edirik:

– Hepatit viruslarına necə yoluxulur?

– Hepatit viruslarından A və E-yə fekal-oral dediyimiz, yəni infeksiyalara məruz qalan əl, su və qidadan yoluxulur. Hepatit B, C, D virusları isə qan, tüpürcək, vaginal mayelər və sperma kimi yoluxan bədən mayeləri ilə təmas yolu ilə yayıla bilər. Bəzi hallarda pasiyentlər hətta haradan və necə yoluxduqlarını belə xatırlamır, çox vaxt da etiraf etməkdən çəkinirlər.

Qorunmaq üçün şəxsi gigiyenik vasitələrə diqqət etmək vacibdir. Məsələn, dırnaqtutan, daraq, diş fırçası, manikür zamanı istifadə olunan alətlərin və sairin şəxsi olması tövsiyə edilir. Qan və bədən mayesi ilə kontaktda ola biləcək istənilən vasitə digər insanlar tərəfindən istifadə edilməmişdən öncə mütləq sterilizasiya olunmalıdır.

– Yoluxmanın hansı əlamətləri var?

– Bu virusların əsas hədəf orqanı qaraciyərdir ki, onu zədələyib sıradan çıxarır. Qaraciyər sizi həyatda saxlamaq üçün hər gün 500-dən çox vacib funksiyanı “səssizcə” yerinə yetirir. Lakin viral hepatit infeksiyası da səssizdir, simptomlar yalnız xəstəlik irəlilədikdən sonra görünür.

Qaraciyər xəstəliyinin əsas əlaməti halsızlıq, güc itkisi və yorğunluqdur. Virus kəskin və xroniki gedişli olur. Kəskin hepatit virusu zamanı xəstənin gözləri, dərisi saralır, halsızlıq, iştahasızlıq, ürəkbulanması və s. əlamətləri ilə müşahidə edilir.

Kəskin gedişli hepatit A el arasında sarılıq xəstəliyi kimi tanınır. Bu virusa insan bir dəfə yoluxa bilər, kəskin sarılıqla müşahidə edilir. Bəzi hallarda kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu dövrdə xəstələrin narahat olmaması və qaraciyərini lazımsız əlavə dərmanlarla yükləməməsi vacibdir. Əlamətlər üzə çıxdıqdan sonra ilk 14 gün digər insanları yoluxdurmamaq üçün təmasdan çəkinmək lazımdır və həkimə müraciət etmək şərtdir.

Hepatit B və C daha sakit keçir. Pasiyentlər çox zaman öz xəstəliklərindən xəbərsiz olurlar və infeksiya təsadüfən, müayinələr zamanı aşkar edilir.

Hepatit B daşıyıcısı olan əksər pasiyentlər bir immunoloji statusda olurlar. Yəni qanda virus aşkar olunsa da, qaraciyəri zədələmir. Bu qrup xəstələr müalicə olunmur, sadəcə, izləmədə qalırlar. Pasiyentlər digər şəxsləri yoluxdura bilərlər, ona görə də daşıyıcılığı olan şəxslərin ailə üzvlərinin hepatit B-yə qarşı vaksinasiya olunmaları tövsiyə edilir.

Hepatit B xəstələrində bəzən D hepatit virusuna da rast gəlinir. Bu iki virus birgə qaraciyərdə ciddi fəsadlara yol açaraq, sirroz xəstəliyinə səbəb ola bilir. D virusu sərbəst şəkildə yaşaya bilmədiyindən yalnız hepatit B olan xəstələrdə rast gəlir.

Hepatit C çox nadir hallarda kəskin gedişli olaraq, əksər xəstələrdə xroniki qaraciyər xəstəliyinə yol açır. Hepatit C virusunda daşıyıcılıq anlayışı yoxdur. Virus qanda aşkar edilibsə, mütləq müalicə olunmalıdır.

Hepatit E az rast gəlinən bir hepatit virus növüdür, əsasən, Şərqi və Cənubi Asiya regionunda yayılıb, öz-özünə üç həftəyə sağalan bir xəstəlik hesab edilir.

– Virusların törətdiyi xəstəliklərin müalicəsi ilə bağlı vəziyyət necədir?

– İlk növbədə qeyd etmək istərdim ki, hepatit B virusunun tam müalicəsi olmasa da, bu virusu “dondurub”, qaraciyərin zədələnməsinin qarşısını ala bilirik.

Hepatit A və E öz-özünə sağaldığından spesifik dərmanı yoxdur. Hepatit C iki-üç aya tam sağalan bir virusdur, mövcud müasir dərmanlarla bu xəstəlikdən tam qurtulmaq mümkündür.

Dərman vasitələrinin əlçatanlığı xroniki qaraciyər xəstəliklərinin müalicəsi üçün çox əhəmiyyətlidir.

– Hepatit viruslarından necə qorunmaq lazımdır?

– Hepatit A, B, D, E-dən qorunmaq üçün vaksin mövcuddur.

Hepatit A və B əleyhinə vaksin vurdurmaqla bu virusdan tamamilə qorunmaq mümkündür. Bu vaksinlər həm uşaq, həm də böyüklər üçün mövcuddur və virusdan qorumaqda təhlükəsiz və effektivdir.

Bildiyiniz kimi, artıq bütün yeni doğulan uşaqlar vaksinasiya proqramı çərçivəsində peyvənd olunurlar. Tibb işçilərinin, insanlarla birbaşa təmasda olan xidmət sektorunda çalışanların hepatit B-yə qarşı vaksinasiya olunması ciddi tövsiyədir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün körpələrə, peyvənd olunmayan uşaqlara və yeniyetmələrə, 19-dan 59 yaşa qədər böyüklərə və hepatit B infeksiyası üçün risk faktorları olan 60 və yuxarı yaşlı insanlara hepatit B peyvəndini tövsiyə edir.

Hepatit B üçün bilinən risk faktorları olmayan 60 yaş və ya daha yuxarı böyüklər də hepatit B peyvəndi oluna bilərlər.

Hər bir kəsə, heç olmasa, ömründə bir dəfə hepatit B və C-yə görə test etdirməyi məsləhət görürəm. Mümkün olduqda, illik profilaktik yoxlamalar zamanı hepatit viruslarını test etməsi məqsədəuyğundur. Virus aşkar edilərsə, müalicə, monitorinq və qorunma üçün peyvənd etməyi tövsiyə edərdim.


Abunəlik