ABŞ Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır – Sərhəddə məxfi plan

Baxılıb:66
ABŞ Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır – Sərhəddə məxfi plan

İyulun 20-də Ermənistan ordusu Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutdu. Bakı-İrəvan xəttində sülh danışıqlarının getdiyi vaxtda Ermənistanın sərhəd təxribatı suallar yaradır:

– Bu təxribat nəyə hesablanıb, Ermənistan hansı hədəflərə nail olmaq itəyir?
– Təxribatın arxasında hansı qüvvələr var və onların regiondakı maraqları nədən ibarətdir?


Atəşkəsin pozulmasından bir gün sonra Ermənistan tərəfinin irəli sürdüyü “təklif” təxribatın hədəflərini anlamağa imkan verir. Rəsmi İrəvan təklif edir ki, “sərhəddə atəşkəs rejiminin pozulması hallarının qarşısı almaq üçün ikitərəfli mexanizm tətbiq edilsin”.

Atəşkəsi pozan Ermənistanın bu təklifi ilk baxışdan belə görünür ki, Paşinyan hakimiyyəti orduya nəzarət edə bilmir və sülhdən yana olduğu üçün Azərbaycanı “köməyə” çağırır. Hərçənd, bu görüntü xarakteri daşıyır və Ermənistanın təklif etdiyi “atəşkəs mexanizmi” planını araşdıranda hədəfin fərqli olduğunu ortaya çıxarır.

“Atəşkəsə nəzarət mexanizmi” Qarabağın işğalda olduğu dövrlərdə – 2016-cı ildə gündəmə gətirilmişdi. Həmin vaxt Ermənistanda Serj Sarkisyan hakimiyyətdə idi və “aprel müharibəsi” yenicə başa çatmışdı. Təklifə görə, Qarabağda həmin vaxt mövcud olan təmas xəttində “atəşkəsə nəzarət mexanizmi” yaradılmalıdır. Maraqlı idi ki, təklif Ermənistanda yox, ABŞ-da gündəmə gəlmişdi. “Roys-Engel ideyası” da adlandıran “atəşkəsə nəzarət mexanizmi” planını Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən yaradılan “Ermənistana dəstək qrupunun” üzvləri, konqresmenlər Ed Roys və Eliot Engel irəli sürmüşdü. Konqresmenlər Obama Administrasiyasının planın icrasına dəstək verməsini, daha dəqiq desək, rəsmi Bakıya təzyiq etməsini istəyirdilər.

Bu planın Ermənistan və ABŞ olmaqla iki tərəfi vardı:

– Ermənistanın məqsədi Qarabağdakı təmas xəttinə beynəlxalq nəzarətlə Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi üçün mümkün hücumlarının qarşısını almaq, Qarabağda işğala əsaslanan status-kvonu qoruyub saxlamaq idi.

– ABŞ “nəzarət mexanizmi” ilə Qarabağa daxil olmaq və bölgədə Rusiya ilə apardığı nüfuz mübarizəsində önə çıxmaq idi.


Planın qəbul etdirilməsi üçün rəsmi Bakıya ciddi təzyiqlər edildi, hətta “demokratiya və insan haqları” kimi məsələlər üzərindən də hücumlar oldu. Lakin rəsmi Bakı prinsipial mövqeyindən geri çəkilmədi və nəhayət, 2020-ci ildə 44 günlük müharibə ilə bütün planlar alt-üst edildi.

İndi sərhəddə “Roys-Engel ideyasına” bənzər mexanizmin yaradılması Qarabağda nail ola bilmədiklərinin sərhəddə tətbiq edilməsi məqsədi daşıyır. Bu planda Ermənistanın birdən çox hədəfi var.

Birincisi, rəsmi İrəvan “ikitərəfli mexanizm” yaradılmasını təklif etsə də, nəticə etibarilə beynəlxalq nəzarətə nail olmaqdır. Paşinyan da bildirirdi ki, irəli sürdükləri təklifin məqsədi “beynəlxalq itimaiyyət üçün də həqiqi vəziyyəti anlamağa” nail olmaqdır, yəni beynəlxalq ictimaiyyətin həqiqəti öyrənməsi üçün mexanizmə beynəlxalq nəzarəti cəlb etmək lazımdır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaar bildirib ki, “onlar atəşkəsə nəzarət mexanizminə dəstək verməyə hazırdırlar. Bu o deməkdir ki, İrəvan “nəzarət mexanizmi”nə Aİ-nin müşahidə missiyasını qoşmaq niyyətindədir.

İkincisi, Ermənistan “nəarət mexanizmi” ilə sərhədin öz maraqlarına uyğun delimitasiyasına nail olmağı planlaşdırır: sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsini, bununla XXI əsrin əvvəllərindən başlayaraq, ermənilərə “otlaq və əkin sahəsi” adı ilə bağışlanan Azərbaycan torpaqları üzərindən legitimliyini təmin etməyə çalışan İrəvan “atəşkəsə nəzarət mexanizmi” ilə xarici gücləri öz hədəfinə cəlb edir.

ABŞ başda olmaqla Qərb qüvvələrinin də bu prosesdə öz hədəfləri var. Vaşinqton Azərbaycan-Ermənistan sərhədində “atəşkəsə nəzarət mexanizmi” yaratmaq, daha sonra “beynəlxalq nəzarət” adı altında öz qüvvələrini sərhədə yerləşdirməyi planlaşdırır. Belə demək mümkünsə, ABŞ Qarabağda nail ola bilmədiyini indi sərhəddə tətbiq etməyə çalışır.

Ermənistanın “nəzarət mexanizmi” təklifinin arxasında ABŞ-ın olduğunu aydın göstərən detallar var.

– 10-12 iyunda ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn İrəvan səfər etdi;
– İyunun 13-dən başlayaraq, Ermənistan ordusu sərhəddə təxribat hücumlarına start verdi;
– İyunun 15-də Nikol Paşinyan sərhəddə “atəşkəsə nəzarət mexanizmi”nin yaradılması təklifini irəli sürdü;

– İyulun 15-dən başlayaraq, ABŞ-Ermənistan birgə təlimlərinə start verildi;
– İyulun 20-də Ermənistan sərhəddə yenidən təxribat hücumuna əl atdı;


Sərhəddəki təxribat hücumları da məhz “atəşkəsə nəzarət mexanizmi”nin əhəmiyyətini nümayiş etdirmək, beynəlxalq diqqəti bu məsələyə yönəltmək və Azərbaycanı “razı salmaqdır”. Ermənistanın sərhəd, ABŞ-ın isə Cənubi Qafqazdakı planlarına nail olmaq üçün təxribat hücumlarının davamlı olacağı istisna edilməməlidir.

Son təxribatın birbaşa ABŞ hərbçiləri tərəfindən hazırlandığı ehtimalı da ön plandadır. Çünki iyulun 15-də ABŞ-Ermənistan birgə hərbi təlimlərinə start verilib. Təlimlər haqda rəsmi məlumatda məqsəd başqa cür göstərilsə də, gerçəkdə dağlıq ərazilərdə hücum və diversiya əməliyyatlarına hazırlıq məqsədi daşıdığı sirr deyil. ABŞ hərbçilərinin Ermənistana gəlişindən sonra sərhəd təxribatlarının intensivləşməsi də bunu deməyə əsas verir. Görünür, ABŞ Ermənistan ordusunu Azərbaycanla sərhəddə təxribat əməliyyatlarına hazırlayır.

Vaşinqtonun Ermənistan üzərindən Cənubi Qafqazda yeni hərbi macəraları region ölkələrinin hər birinə qarşı yönəlib.

– Birbaşa hədəfin Azərbaycanın olduğu görünür. Bu, həm də ABŞ-ın Ermənistanı forpostuna çevirmək hədəfinə nail olmaq üçün İrəvanı Bakıya qarşı dəstəkləmək ssenarisindən qaynaqlanır.

– Azərbaycana qarşı Ermənistanı dəstəkləyən və silahlandıran ABŞ İrəvanda möhkəmlənməklə Rusiyanın bu ölkədə, həm də Cənubi Qafqazdakı mövqelərini sıradan çıxarmaq niyyətindədir.

– ABŞ Ermənistan üzərindən İran sərhədlərində də güclənməyi planlaşdırır. ABŞ-ın Ermənistanda böyükmiqyaslı kəşfiyyat infrastrukturu yaratdığı sirr deyil, növbəti hədəf görünür, hərbi baxımdan infrastrukturun yaradılmasıdır və sirr deyil ki, gələcəkdə Ermənistan İrana qarşı hücumlarda plasdarm rolunu oynayacaq.

– ABŞ-ın Ermənistandakı planlarının Türkiyə üçün də ciddi təhlükə mənbəyi olduğu məlumdur. Vaşinqton Suriya və İraqda PKK/YPQ terrorçularını Türkiyəyə qarşı istifadə etdiyi kimi, Ermənistanı da istifadə edəcək. Hələ Osmanlı dövründə erməni quldur dəstələrindən istifadə edilməsi təcrübəsi mövcuddur, eyni ssenarinin yenidən tətbiq ediləcəyi perspektivi aydın görünür.


Bu baxımdan, ABŞ-Ermənistan birgə təlimlərinə, ümumilikdə Vaşinqtonun İrəvan üzərindən bölgədə həyata keçirdiyi planlara region ölkələri səssiz qalmamalı, təkcə bəyanatlarla yox, praktiki addımlarla qarşı çıxmalıdır. Bunu hələki görmürük. Rusiya yalnız bəyanatlarla, ritorik açıqlamalarla kifayətlənir. İrandan da adekvat reaksiya yoxdur, əvəzində, bu ölkənin Ermənistandakı şovonist səfiri və faktiki Qərbin agenti olan səfiri Azərbaycana qarşı bəyanatlar səsləndirilir. İranın İrəvandakı səfirinin Ermənistanda geniş şəbəkə qurmuş ABŞ xüsusi xidmət orqanları ilə təmaslar qurduğu istisna edilməməlidir, səfirin verdiyi bəyanatlar da diqqəti bu yönə çəkir.

Və belə görünür ki, region ölkələri praktiki müstəvidə hərəkətə keçməsə, ABŞ-ın Ermənistanda möhkəmlənməsi və bu ölkə üzərindən bütün regionu müharibə poliqonuna çevirməsi qaçılmaz olacaq.


Abunəlik