Jurnalist Qəşəmin milis rəisinə qulaqburması – HEKAYƏ

Baxılıb:478
Jurnalist Qəşəmin milis rəisinə qulaqburması – HEKAYƏ

Sovetin dağılha-dağıl vaxtında bir jurnalist zəng edir rayonlardan birinin milis rəisinə:

-Salam

-Salam

-Sizi narahat edən Qəşəm müəllimdir, yoldaş rəis- jurnalist.

– Çox gözəl,buyurun.

-İşdən nə vaxt çıxırsınız?

– Bütün gün burada olacam. Nə lazım idi?Dəstəyin o başından Qəşəmin ötkəm səsi eşidilir:

– Rayona gəlirəm. Sizə qulaqburması verəcəm yoldaş rəis. Görüşərik!-dəstəyi asır.

Rəis heyrətdən yalan olmasın üç dəqiqə ayaq üstə qalır. “Bu kimdir? Bu kimə güvənib mənə qulaqburması verməyə gəlir? Arxasında kim var bunun?” Rəis Bakı ilə olan məsafəni hesablayır. Şəhərdə olan bütün əlaqələrini işə salır. Qəşəm barədə tam məlumat toplayanda, qəzəb onu boğur.” Hansı cəsarətlə?!” * * *

Qəşəm günorta saatlarında rayonun girişinə çatanda görür ki, burda post qurulub. Sənədləri yoxlayırlar. Onu gətirən maşındakılara genəlir ki, narahat olmayın sizi yoxlanışsız keçirəcəm. Maşının pəncərəsindən aşağı endirib milisləri çoxdankı tanış kimi salamlaşıb vəsiqəsini göstərir. Vəsiqəni görən milislər Qəşəmi elə dartıb pəncərədən çıxarırlar. Milis maşınına basıb duz milis şöbəsinə aparırlar, birnəfəsə də çıxarırlar rəisin kabinetinə. Qəşəmin vəziyyətini nə mən təsvir edim, nə siz təsəvvür edin. Şalvarın qarşısı islanmış vəziyyətdə şaqqaşaq əsir. Rəis düz Qəşəmin qarşısında dayanır. Əlini arxasında çarpazlayıb kinayəli baxışlarla Qəşəmi təpədən dırnağa süzür.

– Əəəəəəə, ver görüm necə verirsən mənə qulaqburması???

Qəşəm əlləri əsə-əsə nimdaş portfelini açır. İçindən uzaqbaşı 12 vərəqdən ibarət jurnal çıxararaq titrəyə- titrəyə rəisə uzadır:

– Bu bu buyurun y..yoldaş rəis. Jurnalın üzündə göy rəngdə, iri hərflərlə “QULAQBURMASI” yazılmışdı.

Pərvin /AzTimes.az/


Abunəlik