Makrondan Nikola “ev tapşırığı”: İrəvan London görüşündən niyə imtina etdi?
Avropa Siyasi Birliyinin 4-cü Zirvəsinə ev sahibliyi edən Böyük Britaniya zirvədə iştirak edən Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Rəsmi Londonun belə bir təklifi indiyə qədər Avropa platformasında Bakı və İrəvanın baş tutan görüşləri fonunda kifayət qədər məqbul yanaşmadır. Və Britaniyanın digər Avropa ölkələri kimi danışıqlar prosesində iştirakı da anlaşılandı.
Birincisi, vaxtilə Avropa İttifaqının təşəbbüsü ilə keçirilən Brüssel görüşlərindən sonra müxtəlif ölkələr – Fransa, Almaniya ayrılıqda belə təşəbbüslə çıxış edib və Britaniya qitənin əsas oyunçularından biri kimi prosesdən kənarda qalmaq istəmir.
İkincisi, Cənubi Qafqazda siyasi və iqtisadi maraqları olan Britaniya Azərbaycan-Ermənistan sülh danışıqlarına töhfə vermək niyyətindədir: noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə qədər sülh sazişi üzrə irəliləyişin əldə edilməsi məsələsini də rəsmi London gündəmə gətirmişdi;
Bu konteksdə rəsmi London görüşün təşkil edilməsi fürsətindən yararlanmaq və sülh danışıqları istiqamətində nəticələr əldə etmək imkanını dəyərləndirmək istəyib. Azərbaycan bu təklifi qəbul etsə də, Ermənistan tərəfi bundan imtina edib. Və kifayət qədər qəribə görünən “ikitərəfli formatda” görüşmək təklifini irəli sürüb. Halbuki, Avropa platformasında üçtərəfli və çoxtərəfli görüşləri əsasən Ermənistan dəstəkləyirdi. Bu dəfə qəfil “ikitərəfli formatda” görüş təklifini irəli sürmələri rəsmi İrəvanın məhz Britaniyanın danışıqlarda iştirakına qarşı olduğunu təsdiq edir. Və rəsmi Londona qarşı diplomatik əxlaqsızlıq olan bu imtina suallar yaradır.
– Fransanın, Almaniyanın və digər Avropa ölkələrinin, eləcə də ABŞ-ın iştirakı ilə görüşlərə can atan Ermənistan niyə Britaniyanın iştirakına qarşıdır?
– Rəsmi İrəvan həqiqətən sülhdə maraqlıdırsa, niyə Londonda yaranmış fürsəti “baltalayır?”
Ermənistanın Britaniyanın təklifindən imtina etməsinin arxasında birdən çox məqam var.
Birincisi, İrəvan “ümid yeri” kimi baxdığı Avropada Bakının mövqelərinin güclənməsindən narahatdır: Fransada fərqli olaraq, Britaniya tərəflər arasında balanslı mövqe sərgiləyir və ədalətli sülhdən yanadır;
İkincisi, Avropanın əsasən Ermənistanın xeyrinə olan üçtərəfli və çoxtərəfli görüş platformasında balansın Azərbaycanın xeyrinə dəyişməsi perspektivi yarana bilər: indiyə qədər Fransa Avropadakı danışıqlara birbaşa, yaxud dolayısı müdaxilələrlə Ermənistanın mövqeyini ön plana çıxarıb, indi situasiyanın onların əleyhinə dəyişməsi riski yaranıb; görünür, İrəvanda Britaniya Qərbdəki danışıqlarda təşəbbüsü ələ alarsa, balansı xeyirlərinə dəyişməyin çətin olacağını düşünürlər;
Üçüncüsü, Britaniyanın prosesdə iştirakı Avropada ən çox Fransanı narahat edir, çünki London Parisi geridə qoya və sülh prosesində iştirakçı kimi Cənubi Qafqazda, eləcə də Orta dəhliz coğrafiyasında ön plana çıxa bilər.
Ermənistanın məhz Fransanın təkidi ilə Britaniyaya qarşı diplomatik əxlaqsızlıq etdiyi aydın görünür. Rəsmi İrəvan bununla sülhə qarşı olduğunu da nümayiş etdirdi. Ermənistan rəhbərliyinin bütün ritorikası “sülh gündəliyinə” köklənib, real imkan yarandıqda isə sülh danışıqlarından imtina edirlər. İrəvanın anti-sülh yanaşması bu ilin fevral ayında Almaniyanın təşəbbüsü ilə baş tutan görüşdə də ortaya çıxdı. Görüşdə sülhdən danışan Ermənistan daha sonra razılaşmalardan imtina etdi və bununla rəsmi Berlinin təşəbbüslərini də alt-üst etdi. Almaniyanın sülh səylərinə edilən hörmətsizliyin sifarişçisi yenə Fransa idi. Fransanın Avropada hansısa ölkənin Bakı-İrəvan danışıqlarında təşəbbüsü ələ almaq cəhdlərinə qarşı olduğu sirr deyil. Görünür, Makron Paşinyana Berlindən sonra, Londonun da təşəbbüslərinin sıradan çıxarılması tapşırığını verib. Və Nikol “ev tapşrığını” həvəslə icra edir.