Ekstrasens DİN-ə müraciət etdi: dələduzların yeni tələsi…

Baxılıb:108
Ekstrasens DİN-ə müraciət etdi: dələduzların yeni tələsi…

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens, kliniki psixoloq, ezoterik Zirəddin Rzayevin adından sosial şəbəkələrdə “magik xidmətlər” təklif olunur. Qarşılıq olaraq isə insanları aldadaraq maddi vəsait alırlar. Nəticədə ödəniş olunduqdan sonra isə dələduzların tələsinə düşən insanların əlaqə vasitələrini bloka salırlar.

Zirəddin Rzayev Globalinfo.az-a açıqlamasında sosial şəbəkələrdə dələduzların onun adından istifadə etdiklərini təsdiq edib:

“Onlar mənim adımdan istifadə edərək çarəsiz insanları aldadır, maddi vəsait tələb edir və daha sonra aldadılan insanların telefonlarını blok edirlər. Tiktok sosial şəbəkəsində əlaqə üçün paylaşdıqları telefon nömrəsi, bank hesabı və digər skrinlər məndə var”.

Z.Rzayev Rusiyadan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib:

“Rəsmi olaraq polisə müraciət etmişəm. Əlimdə olan bütün materialları, dələduzların əlaqə nömrələrini, bank hesablarını onlara təqdim etmişəm. Fırıldaqçıları axtarıb tapmağa ehtiyac yoxdur. Polislərə verdiyim məlumatlarla onları asanlıqla müəyyənləşdirib, məsuliyyətə cəlb etmək olar”.

Zirəddin Rzayev öz vətəndaş borcunu yerinə yetirərək Azərbaycan polisinə müraciət etdiyini və artıq baş verən hadisələrlə bağlı məsuliyyətin onun üzərində olmadığını qeyd edib:

“Məsələ ilə bağlı polisə rəsmi müraciət etdim. Artıq məsuliyyət mənim üzərimdən götürüldü və cinayətkar dəstənin qarşısının alınması tamamilə hüquq mühafizə orqanlarının üzərinə düşür. İnanıram ki, DİN bu məsələni tez bir zamanda həll edəcək, dələduzlar ifşa olunacaq”.


Abunəlik