Sağlamlıq üçün yediyimiz bəzi meyvələr ölümcül təhlükəli imiş
Sağlam, güclü və xəstəliklərə davamlı bədənə sahib olmaq üçün təbiətdəki meyvələrin gücündən faydalanmaq lazımdır. Lakin bəzi meyvələrin düşündüyünüz qədər faydalı olmadığı məlum olub.
Araşdırmalar bəzi meyvələrin çox tez-tez istehlak edilməsinin mədə xəstəliklərinə və diabetə səbəb ola biləcəyini ortaya qoyub.
Meyvələr çox vaxt vitaminlər, liflər və antioksidantlarla dolu olur. Meyvələrin orqanizm üçün saysız-hesabsız faydaları var. Ancaq bunu hər meyvə üçün söyləmək mümkün deyil. Bəziləri xüsusilə həddindən artıq və ya müəyyən şəkildə istehlak edildikdə sağlamlığınıza ciddi zərər verə bilər.
Populyar olsa da, sağlamlığa düşündüyünüz qədər faydalı olmayan meyvələri təqdim edirik:
Portağal
Portağal, ümumiyyətlə, immunitet sisteminizi gücləndirmək üçün əla olan yüksək C vitamini tərkibi ilə tanınır. Amma bu sitrus meyvəsi yüksək dərəcədə turşu da ehtiva edir. Buna görə də mədə turşusunun artmasına, mədə yanması probleminə, hətta reflüksə səbəb ola bilər.
“Journal of Gastroenterology and Hepatology” jurnalında dərc olunan araşdırmaya görə, portağal kimi sitrus meyvələri reflüks riskini artırır.
Liçi
Afrodiziak təsiri ilə tanınan ekzotik meyvələrdən biri olan liçi son illər çox populyarlaşıb. Həm dadı, həm də vitamin və antioksidantlarla dolu tərkibinə görə çox sevilən liçi də gizli təhlükə mənbəyidir.
Belə ki, liçi hipoqlisin A adlı təbii toksin ehtiva edir. Xüsusilə acqarına istehlak edildikdə qan şəkərinin səviyyəsini artırır. “Journal of Investigative Medicine”də dərc olunan araşdırma göstərib ki, acqarına çoxlu miqdarda liçi istehlak edən uşaqlar kəskin hipoqlikemiyaya məruz qalır. Bu, bəzi hallarda qıcolmalara, hətta ölümə səbəb olur. Liçi qan şəkəri səviyyələri dəyişən və ya hipoqlikemiyaya meylli insanlar üçün xüsusilə riskli seçimdir.
Riskləri azaltmaq üçün, liçidən həmişə az miqdarda yemək lazımdır. Bu meyvədən balanslaşdırılmış menyunun bir hissəsi kimi həzz alın.
Cənnət xurması
Xurma yüksək şəkər tərkibi sayəsində sürətli enerji artırıcıdır. Kalium və maqnezium kimi vacib mineralları təmin etməsinə baxmayaraq, şəkər səviyyəsi həddən artıq yüksəkdir. Bir xurmanın tərkibində 16 qrama qədər şəkər ola bilər ki, bu da onu ən yüksək şəkər tərkibli meyvələrindən birinə çevirir.
Amerika Diabet Dərnəyinə görə, xurma kimi təbii şəkəri yüksək olan qidaları istehlak etmək qan şəkəri səviyyələrində sıçrayışlara səbəb ola bilər. Bu, xüsusilə diabetli və ya diabet inkişaf riski olan insanlar üçün risklidir.
Kokos
Hind qozu qurudulmuş formada, bir çox desert və qəlyanaltıların məşhur tərkib hissəsidir. Təzə hind qozunun sağlamlığa faydaları olsa da, qurudulmuş kokos kalori bombasına çevrilir.
Qurudulmuş hind qozunun kiçik bir porsiyasında əhəmiyyətli kalori və doymuş yağ olur. Bu, çox miqdarda istehlak edildikdə çəki artımına və ürək-damar problemlərinə gətirib çıxara bilər.
“American Journal of Clinical Nutrition”da yayımlanan araşdırma, qurudulmuş kokosdakı doymuş yağların yüksək qəbulunun ürək xəstəliyi riskinin artması ilə əlaqəli olduğunu göstərib.