Boris Murazi: “Zəngəzur dəhlizi açılır – Artıq vaxt müəyyən edildi”
“Ermənistanın hakim elitası 1 aya Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarından danışmağa başlayıb. Çoxları bu tələskənliyə təəccüblənib, bəziləri isə bunu hakimiyyətin Tavuşda delimitasiya deyilən proseslə bağlı tələsik açıqlamaları ilə müqayisə edib”.
Bu fikiləri “Ana Ermənistan” hərəkatının təşəbbüs qrupunun üzvü Boris Murazi bildirib.
O özünün analitik materialında sübut etməyə çalışır ki, “Ermənistanın 1 aya Azərbaycanla sülh müqaviləsi imzalamaq kampaniyasının əslində xarici katalizatoru var ki, bunu aydın faktlar və hadisələrlə də görmək olar”.
Müəllif daha sonra yazır:
“ABŞ dövlət katibinin köməkçisi O’Brayen sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirildiyini açıqlayıb. “Bu, indi baş verə bilər və ya bir neçə ildən sonra, o qədər də vacib deyil. Əsas odur ki, bir neçə il əvvəlsülh barədə danışmaq belə mümkün deyildi. Mən də hesab edirəm ki, indi əla vaxtdır, çünki bu marşrut üzərində yerləşən ölkələr Rusiyanın təsirini azaltmaq istəyir. Ermənistanda gördüyümüz demokratik öhdəlik, erməni xalqının 2018-ci ildən dönə-dönə dəstəklədiyi islahatlar isə Ermənistanın belə bir qərar verə biləcəyi mərhələdə olması deməkdir”.
O`Brayenin bəyanatından bir neçə saat sonra, iyunun 12-də Milli Assambleyada Nikol Paşinyan ilk dəfə olaraq yaxın 1 ay ərzində sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib. “Hazırda mətn kifayət qədər yetkindir, son sətirləri tənzimləmək və son formaya gətirmək olar”, – deyə Paşinyan bildirib.
Ermənistandan sonra O’Brayen Bakıya tələsir. O, Əliyevlə Azərbaycan və Ermənistandan keçəcək Mərkəzi Asiyanı Avropaya birləşdirən dəhliz məsələsini müzakirə edib. Niyə məhz bir ay və müddət harada müəyyən edilib?
Paşinyanın niyə 1 aylıq möhlət elan etdiyini çoxları anlamırdı. Bu sualların cavabını biz O`Brayenin Bakıya səfəri günü aldıq. Elə həmin gün məlum oldu ki, Ermənistan və Azərbaycan liderləri iyulun 7-də keçiriləcək NATO sammitində iştirak etmək üçün Vaşinqtona dəvət olunurlar. Ermənistan Xarici İşlər Nazirliyi təklifdən 1 saat sonra dəvəti qəbul etdiyini açıqlayıb.
Paşinyanın iyunun 12-də elan etdiyi 1 aylıq müddətə məhz bu sammit səbəb olub. Paşinyan Amerika proqramı ilə tam inteqrasiya olunmuş şəkildə işləyir.
Paşinyanın 1 ay ərzində sülh sazişi imzalamağa hazır olması o deməkdir ki, Ermənistan tərəfi O`Brayenin Bakıda, İrəvanda və Vaşinqtonda danışdığı dəhliz məsələsinə razılıq verib.
Görünən odur ki, Ermənistan artıq Qərb üçün faktor deyil, çünki Paşinyanın idarə etdiyi Ermənistan Qərbdən gələcək hər bir təklifə razıdır, ona görə də Ermənistanın maraqlarını təmin etmək problemi ortadan kənarda qalıb. Əliyev bunu yaxşı anlayır və Azərbaycanın sammitdə iştirakını elan etməyə tələsməməsinin səbəbi də budur, üstəlik, Əliyev eyham vurur ki, indi onun yeni tələbləri var və bunun üçün vaxt lazımdır.
Əliyev NATO sammitinə gedə bilər, amma heç bir sənədə imza atmaya bilər, əlbəttə ki, Paşinyan iyulun 7-dək Ermənistan konstitusiyasını dəyişməyə hazır olmasa.
İndi ABŞ faktiki olaraq Əliyevin yeni tələblərini yerinə yetirməyə sadiqdir və bu, təbii ki, Ermənistanın milli və dövlət maraqları hesabına olacaq.
ABŞ niyə Ermənistanın maraqları hesabına Əliyevi razı salmağa çalışır?
ABŞ-ın davranışı heç də o demək deyil ki, onlar Ermənistanla düşmənçilik edirlər. Bu dünya fövqəldövlətinin bütün digər supergüclər kimi regionda maraqları var. O maraqlara kiminsə hesabına xidmət etmək lazımdır, çünki regionda Nikol Paşinyanın sayəsində Ermənistan xalq dilində desək, “poçtun mürəkkəbinə” çevrilib, yəni ABŞ Ermənistanın hesabına öz maraqlarına xidmət etməyə çalışır.
Ermənistan-Azərbaycan sülh müqaviləsi uzunmüddətli və qısamüddətli maraqlara xidmət edir. Uzunmüddətli Rusiyadan yan keçərək, onların nəzarətində olan Orta Asiyanı Avropaya birləşdirən və türklərin Zəngəzur dəhlizi, Qərbin Orta Dəhliz adlandırdıqları, Rusiya üçün təhlükə olan türk dünyasını birləşdirən dəhlizin yaradılmasıdır.
ABŞ bu dəhlizi açmağa hər cür cəhd edəcək, hətta Əliyevin ən inanılmaz tələbini yerinə yetirməli olsa belə.
Qısamüddətli maraq ABŞ-ın hazırkı prezidenti Bayden rejiminin seçkiqabağı marağıdır. Noyabrda ABŞ-da seçkilər var və yarı ölü vəziyyətdə olan Baydenin seçicilərinə sata biləcəkləri kiçik qələbələr də lazımdır.
Amerikanın bu təşəbbüsünün necə bitəcəyini söyləmək çətindir, amma bir şey aydındır: Paşinyan Ermənistanın maraqlarını getdikcə aşağı salır və hər hansı digər mərkəzin təşəbbüsü halında bu, Ermənistan üçün ən yaxşı başlanğıc nöqtəsi olacaq.