Texnologiya yeni Allah yaradır – Zukerberq sağ qalmağın yollarını göstərdi
Süni intellekt alətləri hazırlayan texnologiya şirkətləri “Allahı yaratmağa” çalışır.
Bunu texnologiya nəhəngi “Meta”nın qurucusu Mark Zukerberq deyib.
Lakin şirkəti süni intellekt məhsullarının geniş portfelinə sahib olan Zukerberq onun yanaşmasının digərlərindən fərqli olduğunu israr edir.
O, “YouTube” yaradıcısı Keyn Kallaveyə müsahibəsində deyib ki, texnologiya sənayesindəki insanların əsl süni intellekt yaratmaq haqqında danışması olduqca qəribədir: “Sanki Allahı və ya başqa bir şey yaratdıqlarını düşünürlər”.
Zukerberq həmçinin rəqibləri “Google” və “OpenAI”ni ümumi təyinatlı süni intellekt alətləri yaratdıqlarına görə tənqid edib.
O, müxtəlif istifadəçilər üçün süni intellekt alətlərini fərdiləşdirərkən əsas “Meta AI” köməkçisini – şəkillər yarada və marşrut planlaşdıra bilən “Chatbot”u saxlayacağını vəd edib.
“İnsanların müxtəlif maraqlarını əks etdirmək üçün fərqli süni intellekt olmalıdır. Beləliklə, bu yanaşmanın böyük bir hissəsi hər bir yaradıcıya, daha sonra platformadakı hər bir kiçik biznesə müştəriləri ilə qarşılıqlı əlaqədə olmağa kömək edəcək süni intellekt yaratmaq səlahiyyətini vermək olacaq”, – Zukerberq deyir.
Milyarder sürətlə dəyişən rəqəmsal mənzərədə sağ qalmaq üçün sadə məsləhətlər verib: “Texnologiya inkişaf etdikcə, istifadə etdiyimiz alətlər də inkişaf edəcək və hər şeyin ən qabaqcıl nöqtəsində olan istedadlı insan olmaq üçün siz sadəcə olaraq yeniliklərdən xəbərdar olmalısınız”.