Milli qürurumuza çevrilən şanlı ordumuz: silahlı qüvvələrimiz sübut etdi ki, bölgədə… – ŞƏRH
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ordunun yaradılmasından 106 il ötür. Keçmişi qələbələrlə zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü artıq dördüncü ildir ki, böyük Zəfərlə qeyd olunur. Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb.
Politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanın əsgər və zabitlərinə qarşı ictimai-siyasi münasibət qəhrəman orduya olan münasibət kimidir.
“Bu gün Azərbaycan xalqının yenilməzliyini, şücaətini və qəhrəmanlığını göstərən ordumuzun yarandığı gündür. Azərbaycan Cümhuriyyətinin çox qısa müddət fəaliyyət göstərməsinə rəğmən ordu quruculuğu uğurla baş tutdu. Vətən müharibəsində Azərbaycan Ordusunun xilaskarlıq missiyası, torpaqlarımızı işğaldan azad etməsi ordumuzun mənəvi-psixoloji ruhunu gücləndirdi. Eyni zamanda xalqımızın ordumuza olan inamı, güvəni daha da artdı. Ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Onlar dövlət qayğısı ilə əhatə olunublar”.
İ.Hüseynov qeyd edib ki, Azərbaycanın post-müharibə dövründə həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət də suverenliyimizin bərpa olunmasında böyük rol oynayıb:
“19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ordumuzun peşəkarlığını, yüksək səriştəsini bir daha nümayiş etdirdi. Ordumuz yüksək dəqiqliklə yalnız Azərbaycan ərazisində formalaşmış separatçıların müdafiə bölgələrinə zərbələr endirdi. Bu gün dünyanın müxtəlif yerlərində mülki şəxslərin qəsdən müharibə qurbanına çevrildiyinin şahidi oluruq. Cenevrə Konvensiyasının tələbləri və onun əsas müddəaları kobud şəkildə pozulur. Azərbaycan Ordusu isə bütün əməliyyatlar dövründə öz yüksək humanizm dəyərlərini nümayiş etdirdi. Ordumuz yalnız dövlətimizin milli maraqlarını və mənafelərini, Ali Baş Komandan İlham Əliyevin göstərişlərini və tapşırıqlarını uğurla icra edib. Biz ordumuzla haqlı olaraq fəxr edirik və məhz bu şərəfli gündə bütün silahlı qüvvələrimizi təbrik edirik”.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın müstəqillik qazanmasından sonra keşməkeşli yollar keçən əzəmətli ordumuz 1990-cı illərin sonlarından etibarən daha da güclənib və modernləşdirilib:
“2000-ci illərdən başlayaraq Azərbaycanın maliyyə imkanları bir qədər artdıqdan sonra silahlı qüvvələrimizin potensialı daha çox yüksəlməyə başladı. Türkiyə ilə birgə hərbi təlimlərin sayı artdı. İkinci Qarabağ müharibəsindəki şərəfli qələbəmiz silahlı qüvvələrimizin bölgədə ən güclü ordulardan biri olduğunu sübut etdi. Ordumuz bundan sonra da güclənir, modernləşdirilir, yeni hərbi texnika ilə təchiz olunur. Özümüz bu illərdə yeni hərbi texnikanın istehsalına başlamışıq. Düşünürəm ki, gələcəkdə ordumuz bundan da güclü olacaq. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan Ordusu NATO-da öz sözünü deyən Türk Ordusunun kiçik modelinə çevrilib”.