Diabetli xəstələrin nəzərinə: Bunlar sizi ürək və damar xəstəliklərindən qorumur
Harvard Tibb Məktəbinin alimlərinin tədqiqat qrupu qan şəkərinin və xolesterinin səviyyəsinin, eləcə də qan təzyiqinin diabetli insanları ürək və damar xəstəliklərindən qorumadığını aşkar ediblər.
Tədqiqatın nəticələri Bostonda endokrinologiya sahəsində mütəxəssislərin illik toplantısının internet saytında təqdim olunub.
Ürək xəstəlikləri 1-ci tip diabetli insanlarda, xüsusən də böyrəklərində ağırlaşmaları olanlarda əsas ölüm səbəbidir. Hazırda tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sayəsində diabetli xəstələrin heç də hamısında nefropatiya inkişaf etmir. Bununla belə, ürək-damar patologiyalarının riski hələ də yüksək olaraq qalır.
Alimlər bu qənaətə “medalçılar” kimi tanınan bir qrup şəkərli diabet xəstələrinin müşahidələri əsasında gəliblər. Buraya qan təzyiqinin daimi monitorinqi, qan şəkəri və xolesterinin səviyyəsini tənzimləməklə yüksək ömür uzunluğuna və həyat keyfiyyətinə nail ola bilən diabetli insanlar daxildir.
Mindən çox insandan ibarət ümumi tədqiqat qrupundan 153-ü ürəyin qan damarlarında kalsium yataqlarını axtarmaq üçün KT müayinəsindən keçib, 111 xəstədə isə ürəyin ümumi strukturunu və onun nasos qabiliyyətini qiymətləndirmək üçün maqnit rezonans müayinəsi aparılıb.
Nəticələr göstərib ki, diabet xəstələri ürək xəstəliyinə səbəb olan koronar arteriyaların kalsifikasiyasına daha çox meyllidirlər. Həmçinin məlum olub ki, “medalçılar”da yüksək qan şəkəri səviyyəsi bu cür patologiyalarla sıx bağlıdır.
Tədqiqat qrupu ümid edir ki, onların tapıntıları 1-ci tip diabetdə ürək xəstəliklərinin müalicəsi üçün xüsusi olaraq əldə edilən yeni dərmanların hazırlanmasına səbəb olacaq.