Azərbaycan əhalisi qazancının yarısını ərzağa xərcləyir: Qiymət yüksəkdir, yoxsa…
Azərbaycanda bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17,0 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub. Həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. Bu o deməkdir ki, vətəndaşlar xərclədikləri hər 100 manatın 51 manatını, yəni yarıdan çoxunu ərzağın alınmasına yönəldiblər. İnkişaf etmiş ölkələrdə ümumi istehlakın 1/4-i ərzaq məhsullarının alınmasına yönəldilir.
Mövzu ilə bağlı millət vəkili Vahid Əhmədov bildirib ki, hazırda ərzaq qiymətlərində çox ciddi problemlər var:
“Alınan əməkhaqqının yarıdan çoxu ərzağa gedir. Çünki ərzaq kifayət qədər bahalaşıb. 2023-cü ildə ümumilikdə 8.8% inflyasiya olub. Ərzağa gəldikdə isə rəsmi statistikaya görə 9,6%, qeyri-rəsmi statistikaya görə 20%-ə yaxın inflyasiya qeydə alınıb. Maaşın 51 faizinin ərzağa getməsi düzgün rəqəmdir”.
Deputat bu il elə də ciddi qiymət artımının gözlənilmədiyini qeyd edib: “Müəyyən qiymət artımı olsa da, 2023-cü ilə nisbətən yüksək deyil. İnflyasiya aşağı olduğu üçün qiymətlər də stabilləşir. Hazırda kifayət qədər ərzaq məhsulları idxal edirik. Əsas tərəfdaşlarımız Türkiyə və Rusiyadır. Həmin ölkələrdə inflyasiya yüksək olduğu üçün bu, bizə də təsir edir. Yəni bu problem həqiqətən də var. Məsələnin digər tərəfi isə israfçılıqdır. Lakin getdikcə israfçılığın da qarşısı alınır”.
Sosioloq Əhməd Qəşəmoğlu burada müxtəlif səbəblərin olduğunu bildirib:
“Hazırda ərzağın qiyməti xeyli artıb. Bu illə keçən il arasında xeyli qiymət fərqi var. Digər tərəfdən, bizdə qida mədəniyyəti arzuolunan səviyyədə deyil. Əhalinin arasında ölüm statistikasının çox hissəsi qida mədəniyyəti ilə bağlıdır. Ümumiyyətlə, sağlamlıq mədəniyyətimiz normal səviyyədə deyil.
İnsanlar əllərinə nə gəlirsə yeyirlər, elə bilirlər ki, bahalı məhsul daha faydalıdır. Halbuki təbii yollarla hazırlanan, bazarda olan hər hansı bir məhsul bədən üçün daha çox faydalı ola bilər. Digər tərəfdən, çox qida qəbul etmək özü anormal bir haldır. İnsan üçün zəruri şeylər və onlar da yeyilməlidir. Əhalini bu sahədə maarifləndirmək lazımdır. Bununla bağlı ciddi işlər görülməlidir”.