Azərbaycan tarixinin şərəfli zirvəsi: Müstəqillik Gününü qalib ölkənin vətəndaşı kimi qeyd edirik

Baxılıb:81
Azərbaycan tarixinin şərəfli zirvəsi: Müstəqillik Gününü qalib ölkənin vətəndaşı kimi qeyd edirik

“Hər bir qaranlıq gecənin işıqlı bir səhəri olur. Azərbaycan xalqının tarixində bu qaranlıq gecə 1918-ci ilin mart soyqırımı, bu işıqlı səhər isə həmin ilin 28 mayıdır. Birmənalı olaraq 28 May müstəqillik tariximizdə ən şərəfli zirvədir”.

Bunu açıqlamasında millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

O qeyd edib ki, hər xalqa müstəqillik nəsib olmur: “Sayı bizlərdən on dəfələrlə çox olan xalqlar var. Buna baxmayaraq onlardan çoxunun müstəqilliyi yoxdur. Xoşbəxtik ki, dünyanın 200-ə qədər müstəqil dövlətləri sırasında biz də varıq. Dünyanın bir çox xalqlarının tarixində zirvələr mövcuddur. Anadolu türkləri üçün 29 oktyabr, fransızlar üçün Bastiliyanın alınması, almanlar üçün XIX əsrin ikinci yarısında vahid dövlət halında birləşmə, amerikanlar üçün 4 iyul ən böyük tarixi hadisədir. Allah belə bir xoşbəxt günü bizim xalqımıza da nəsib edib.

Bu xoşbəxt tarixin başlanğıcı 1918-ci il mayın 28-dir. Vaxtilə K.Marks yazırdı ki, qədim Yunanıstan olmasaydı, qədim Roma olmazdı, qədim Roma olmasaydı, müasir Avropa olmazdı. M.Ə.Rəsulzadə isə yazırdı: “Birinci cahan savaşı olmasaydı, fevral burjua inqilabı olmazdı, fevral burjua inqilabı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti olmazdı”. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti zaman məhdudluğuna baxmayaraq bir çox işlər həyata keçirməyə müvəffəq oldu”.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə ilk iclasını keçirdi və 6 maddədən ibarət “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yarandı.

Millət vəkili diqqətə çatdırıb ki, XX əsrdə xalqımız üç respublika yaşayıb: “Birinci respublikanın ömrü qısa, amma ərazisi böyük idi. Birincini Azərbaycanın milli-demokratik ziyalıları qurdular, xalq da onları müdafiə etdi. İkinci respublikanın ömrü birinciyə nisbətən uzun oldu, amma xeyli ərazimizi əlimizdən aldılar. İkinci respublika əvvəlki dövrdə qazanılanların üzərində xətt çəkdi. İkinci respublika kənar müdaxilə nəticəsində quruldu. O, müstəqil yox, müttəfiq adlandı. Üçüncü respublika isə 1991-ci ildə quruldu. Üçüncü respublika özünü birinci respublikanın siyasi varisi elan etdi. O, xalqın tələbi və iradəsinin nəticəsi kimi yarandı”.

Professor bu respublikanın dünyanın ən nüfuzlu təşkilatlarının üzvü olduğunu vurğulayıb:

“Azərbaycan Respublikası birinci respublikanın qaldırdığı üç rəngli bayrağını ölkənin suveren ərazisində həmişəlik dalğalanması üçün bütün istiqamətlərdə mübarizəsini davam etdirir. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Azərbaycanın öz tarixi torpaqlarını azad etmək üçün güclü ordusu, ən müasir silahları, qəhrəman dövlət başçısı başda olmaqla xalqla hakimiyyətin sarsılmaz birliyi mövcuddur. Həmin döyüşlər həm də göstərdi ki, düşmən ordusu haqqında yazılanlar uydurmadan başqa bir şey deyildir. Vətənini sevən, onun üçün canını verməyə hazır Azərbaycan əsgəri illər idi ki, Ali Baş Komandanın əmrini həsrətlə gözləyirdi. Vətəni qorumaq üçün yetişən əsgər 44 gün ərzində düşməni darmadağın etdi.

Düşmənin havadarlarının etiraz və təzyiqləri heç bir nəticə vermədi. Vətən torpağı üçün ölüm-dirim müharibəsinə girən Azərbaycan əsgərini heç bir güc saxlaya bilmədi. Düşmən danışıqsız kapitulyasiya aktını imzaladı. İllərlə düşmən işğalı altında qalan torpaqlarımız azad olundu. Cümhuriyyətin əmanəti üçrəngli bayrağımız hazırda Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır. Əvvəlki illərdən fərqli olaraq 2021-ci ildən Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Bundan böyük xoşbəxtlik nə ola bilər? Bayramınız mübarək! Qarabağ Azərbaycandır!”


Abunəlik