“Qarabağ” üçün daha 2 potensial rəqib

Baxılıb:408
“Qarabağ” üçün daha 2 potensial rəqib

Misli Premyer Liqasında 2023-24 mövsümünün çempionu “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi “Boraç” (Bosniya və Herseqovina) və “Eqnatia” (Albaniya) ilə qarşılaşa bilər.

Daha əvvəl Gürcüstanın “Dinamo” (Batumi), Sloveniyanın “Selye”, Maltanın “Hamrun”, Şimali İrlandiyanın “Larne”, Belarusun “Dinamo” (Minsk), Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, Şimali Makedoniyanın “Struqa”, Lüksembuqun “Differdanj”, Monteneqronun “Deçiç”, Andorranın “UE Santa Koloma” və San Marinonun “Virtus” klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi. Adıçəkilən komandalar püşkatma zamanı səpələnməmişlərdə olacaq. Bununla da “Qarabağ”ın bu raunddakı bütün rəqibləri bilinir.

“Qarabağ”la yanaşı, “Ferensvaroş” (Macarıstan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), HİK (Finlandiya), “Flora” (Estoniya), “Styaua” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Şemrok Rovers” (İrlandiya), “Linkoln” (Cəbəllütariq), TNS (Uels), “Pünik” (Ermənistan), RFŞ (Latviya), “Petrokub” (Moldova) və “Ballkani” (Kosovo) püşkatma zamanı səpələnmişlərdə qərarlaşacaq.

Lakin İspaniya nəhəngi “Real” Çempionlar Liqasının finalında Almaniya təmsilçisi “Borussiya”nı (Dortmund) məğlub edərsə, 1-ci raundun ən yüksək reytinqə malik iki komandası “Ferensvaroş” və “Qarabağ”ın birbaşa 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulması gözlənilir. Bu baş verərsə, orada da səpələnmişlər səbətində yer alacaq Azərbaycan çempionunun mümkün rəqiblərindən biri Polşa “Yagelloniya”sı olacaq. Qurban Qurbanovun yetirmələri yoluna davam etsə, 3-cü təsnifat mərhələsində də püşk zamanı güclülərin səbətində olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.


Abunəlik