İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik
İrəvan Moskvadan Rusiya sərhədçilərini Ermənistanın Türkiyə və İranla sərhədində saxlanmasını tələb etməyib, çünki bu məsələ razılaşma yolu ilə tənzimlənir.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan tərəfinin tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.
“Rusiya tərəfi bizdən Türkiyə və İranla həmsərhəd əraziləri tərk etmələrini istəyib-istəmədiyimizi soruşdu ki, biz onlardan üç istiqamətdən: Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsindən getmələrini və iki dayaq məntəqəsini bağlamağı xahiş edirik”, – Qriqoryan bildirib.
Ermənistanın İran və Türkiyə ilə sərhədi məsələsinə gəlincə, orada rus sərhədçilərinin yerləşdirilməsi razılaşma ilə tənzimlənir və Rusiya tərəfinə izah edilib ki, bu məsələ hazırda müzakirə olunmur.
Ermənistanın Rusiya sərhədçilərinin Türkiyə və İranla həmsərhəd ərazilərdə qalmalarını xahiş edib-etməməsi ilə bağlı suala cavab olaraq Qriqoryan bildirib ki, “bizim belə bir xahişimiz olmayıb”.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 8-də Moskvada iki ölkə liderlərinin görüşündə Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılmasının razılaşdırıldığını bildirib.