Paşinyanın yerinə “Yaşma”dan qorxan generalı gətirmək istəyirlər – İrəvanda nə baş verir?

Baxılıb:112
Paşinyanın yerinə “Yaşma”dan qorxan generalı gətirmək istəyirlər – İrəvanda nə baş verir?

Ermənistanda aksiyalar davam etdiyi vaxt müxalifət baş nazir postuna namizədin kim olması ətrafında da müzakirələr aparır. Aksiyaya rəhbərlik edən keşiş Baqrat Qalstyanın namizədliyini dəstəkləyənlər də var, namizədin siyasi fiqur olmasını istəyənlər də.

Aksiya başlayandan sonra ilk dəfə baş nazir postuna konkret şəxslərin namizədliyi irəli sürülüb.

Təklifi “erməni qartalları” partiyasının sədri, eyni adlı silahlı qruplaşmanın komandiri, ehtiyatda olan polkovnik Xaçik Asryan səsləndirib.

Asryan aksiyaya rəhbərlik edən Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstyana və parlamentdəki üç fraksiyaya müraciət edib.

“Biz general-mayor Arşak Karapetyanın Ermənistanın baş naziri vəzifəsinə namizədliyini təklif edirik”, – o bildirib.

Qeyd edək ki, Arşak Karapetyan 2016-cı il “aprel müharibəsi”ndə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edirdi. Döyüşlərdən sonra həmin vaxt prezident olan Serj Sarkisyan tərəfindən işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad etmişdi. O, 2018-ci ildə Paşinyanın inqilab hərəkatına qoşuldu, daha sonra Baş qərargah rəisinin birinci müavini təyin olundu.

2021-ci ilin avqustunda isə müdafiə naziri oldu, lakin bu postda cəmi 4 ay qaldı və vəzifəsindən uzaqlaşdırıldı. Buna səbəb kimi Azərbaycanla sərhədin Laçın istiqamətində törədilən təxribat idi. Ermənistan mediası yazırdı ki, Kapapetyanın əmri ilə erməni ordusu bu istiqamətdə Azərbaycan ordusunun təminat yollarını kəsmək üçün əməliyyat keçirməyə cəhd göstərib, lakin adekvat addımlar nəticəsində Azərbaycan ordusu nəinki erməni qoşunlarını darmadağın edib, hətta mövqelərini bir qədər də irəlilədə bilib.

Paşinyanın onu vəzifəsindən uzaqlaşdırmasının səbəbi də bu biabırçılıq olub. Həmçinin, 2021-ci ilin noyabr ayında sərhəddə toqquşmalar baş verdiyi vaxt Arşak Karapetyan Paşinyanın “Votsap” üzərindən verdiyi suallara cavab verməyib. Ermənilər Karapetyanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qarşısından qaçan general kimi də təqdim edirlər.


Abunəlik