Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Baxılıb:173
Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

İran və ərəb mediası İsrail-Azərbaycan əlaqələri haqda təftiş tipli kampaniyasını davam etdirir. Ən çox bu məlumatlara istinad edilir: Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2016-2020-ci illərdə Bakının silah idxalının 70 faizə qədəri İsrailin payına düşüb. Bu, həmin dövr İsrailin silah ixracının 17 faizi demək idi. Azərbaycan İsrailin neft tələbatının təqribən 40 faizini təmin edir. Türkiyənin İsraillə ticarət əlaqələrini dondurması fonunda Bakı-Təl-Əviv münasibətləri cənub qonşularımızda xüsusi maraq doğurur.

Ərəb KİV-ləri İsrail-Azərbaycan əlaqələrini Ben Qurion dövründə əsası qoyulmuş “periferiya və okean doktrinası” ilə izah edir. Bu doktrinaya əsasən İsrail ona qarşı güclü müqaviməti olan İordaniya və xüsusən Misiri neytrallaşdırmaq üçün İran, Türkiyə kimi müsəlman ölkələri, Livan xristianları, xristian çoxluğu olan Efiopiya, İraq kürdləri ilə əməkdaşlığa üstünlük verirmiş. Amma Kemp-Devid sazişi ilə Misir-İsrail, ardınca İordaniya-İsrail münasibətlərinin normallaşması, İranda islamçıların dövlət çevrilişindən, Türkiyədə isə AKP hakimiyyətə gəldikdən sonra isə bu iki qeyri-ərəb ölkəsi ilə münasibətlərin korlanması İsraili öz doktrinasına yenidən baxmağa məcbur edib. Yeni təhdidləri tarazlaşdırmaq üçün yeni okean doktrinası ortaya çıxıb, yeni ittifaq lazım olub. İndi İranı Azərbaycan, Türkiyəni isə Yunanıstan və Kipr əvəz edir. Halbuki əvvəllər İsrail Kipr məsələsində Türkiyəyə yardım edib. İsrail həmçinin Amerika- İsrail Siyasi Fəaliyyət Komitəsi (AIPAC) vasitəsilə ABŞ-dakı erməni lobbisi qarşısında Bakı ilə Vaşinqton arasında vasitəçi kimi fəaliyyət göstərib.

İranda isə Müasir Tarix Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə tanınmış azərbaycanofob “ekspertlərin” iştirakı ilə “Cənubi Qafqazda sionizm təhlükəsi” adlı konfrans keçirilib. Konfransa İnstitutun rəhbəri Musa Həqqani və akademik katib Hüseyn Əhmədi moderatorluq ediblər. Tədbir haqda hazırlanmış reportaj “Sionist rejimin Qafqazda mövcudluq aysebrqi” adlanır. Bu başlıq mətndən də anlaşıldığı qədər Azərbaycan Prezidentinin İsrail haqda dediyi “İsrail-Azərbaycan əlaqələri aysberqin görünməyən tərəfi kimi dərindir” fikrinə istinadən qoyulub. İddia olunur ki, fikir “WikiLeaks” sənədlərində yayılıb, İran təbliğat aparatı anti-Azərbaycan materialların, demək olar ki, hamısında bu fikri təkrarlayır.

Müasir Dünya Araşdırmaları İnstitutunun rəhbəri Şüeyb Bəhmən konfransdakı çıxışında Azərbaycan Respublikası ilə İsrail arasında hərbi və təhlükəsizlik əməkdaşlığının müxtəlif aspektlərinə toxunub. Onun iddiasına görə, israillilər silah-sursatını, hərbi texnikasını Azərbaycana satmaqla kifayətlənmir, bu ölkənin yüksək rütbəli zabitlərini yetişdirməyə və “hansısa formada öz kadrlarını yetişdirməyə” can atırlar: “Bu, gələcəkdə sionist rejimin Azərbaycanda təsirinin dərinləşməsinə səbəb ola bilər” . İsrail-Azərbaycan əlaqələrinin başqa bir aspekti isə onun iddasınca, Azərbaycanın “saxta İsrail kimi yeni kimlik qazanmağa çalışmasından” irəli gəlir.

Növbəti azərbaycanofob, beynəlxalq hüquq professoru Əhməd Kazeminin çıxışı “Avrasiyada anqlosakson nizaminin işığında pantürkizm və sionizm arasında bağlantı” adlanır. O deyir ki, ilk əməkdaşlıq XVIII əsrin sonları və XIX əsri əhatə edir. Belə ki, bu xəstə türkofob hesab edir ki, pantürkizmi 3 yəhudi yaradıb: İngilis yəhudisi və “İlkin Araşdırmaların” müəllifi Artur Lemli Devid, fransız yəhudisi David Leon Koen, 1868-ci ildə İngiltərədə “Orta Asiya xanlığında yalançı dərviş” kitabını nəşr etdirən və pantürkist imperiyanın xəritələrini çəkən macar yəhudisi Arminius Vamberi. Kazemi bu tarixi yalanla kifayətlənmir, “müasir pantürkizmin üç ideoloqu” elan etdiyi Brenda Şaffer, Maykl Düran və Arye Qutun yəhudi olduğunu xatırladır. Əslində adı keçənləridən ikisi sadəcə Azərbaycanın dostlarıdır, lobbistləri də demək olar. Amma mərhum Arye Qut Bakıda doğulub böyümüşdü, ata xəttilə azərbaycanlı idi (əsl adı Rəşad) idi. Mustafa Kamal Paşanı da yəhudi dönməsi adlandıran Kazemi Əhməd Ağaoğlu , Yusif Akçura və Ziya Göyalpı da yəhudlərin təsirində olan şəxslər sayır. Halbuki Ə.Ağaoğlunun siyasi ideoloq kimi ilk çıxışları siyasi şiəliyin müdafiəsinə həsr olunmuş, İran şahı tərəfindən “Aslan günəş”(Şire Xurşid) ordeni ilə də təltif edilmişdi. Yusuf Akçuranın, onun da pantürkzimi Rusiyanın ifarat assmilyasiya siyasətinə, pansalvizmə qarşı özünü müdafiə reaksiyası idi.

O, belə tarixi təhriflərini müasir dövr üçün də davam etdirir, Türk dövlətləri Təşkilatının qurulmasını da anqlosakson oyunu hesab edir: “Anqlosakson nizamının məqsədləri Türk Dövlətləri Təşkilatı şəklində türk dünyası vasitəsilə Qafqaz və Orta Asiyada rus nizamını dağıtmaq, İran və Çin nizamının yaranmasının qarşısını almaqdır”.

Qafqaz üzrə tədqiqatçı Mehdi Seif Təbrizi isə çıxışını əsasən saxta iddialarla dini-məzhəbi ədavəti qızışdırmaq üzərində qurub. O iddia edir ki, “sionist rejimin Azərbaycanda mövcudluğu üçün İranın maraqlarına zidd sosial baza yaratmağa çalışılır: “Əhalisinin əksəriyyəti şiə olan bir İslam ölkəsində bu cür mövcudluq israillilər üçün çoxlu problemlər yarada bilər. Odur ki, rejim qüvvələrinin qarşısına qoyduğu ilk xüsusi vəzifə İran və İsrailə münasibəti, eləcə də Azərbaycan xalqının dini inanclarını dəyişmək oldu. Bunlar Araz çayının şimalındakı insanları vətənləri İranla birləşdirən güclü və görünməz bağlar idi ki, onlar bir müddət ərzində ən amansız şəkildə zəiflədəcək və ya kəsiləcəkdi. Bu məqsədə çatmağın ən yaxşı yolu Bakının təhsil, mədəniyyət və dini infrastrukturuna nüfuz etmək idi. Üstəlik, uşaqların təhsil müəssisələrinə dini geyimsiz getmələri tələbi hökumət tərəfindən din əleyhinə mübarizənin digər aspekti idi”.

Seyf Təbrizi sionizmin məqsədlərini “kəşf etdiyini” düşündüyü dini ədavət qoxulu teziləri belədir:

1.Sionist rejim tərəfindən dini inancı (şiəliyi) etnomilli ideologiya (pantürkizm və panazərizm) ilə dəyişdirilməsi cəhdi;

2.Azərbaycanda islam-şiə intellektual mühitinin və əhalisinin genişlənməsi prosesinin qarşısının alınması. Sionistlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi nüfuzlu qurumlara sızmağa başladılar;

3.Azərbaycan cəmiyyətinin idarəsini və sütunlarını öz üzərinə götürmək üçün “sionist azərbaycanlıların” yeni nəslinin yaradılması və buna uyğun olaraq orta müddətdə türk-yəhudi elit qrupunun yetişdirilməsi və təhsili.

4.Sionist rejimlə Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığı şəklində Azərbaycanın musiqi, incəsənəti və hətta idman tarixi ilə bağlı tədris və tədqiqat prosesinin yaradılması.

Səfərnejad soyadlı digər ekspert isə Azərbaycan, Türkiyə və Pakistanın keçirdikləri “üç qardaş” təliminin dördüncü iştirakçısının İsrail olduğunu iddia edir: “Bu respublikanın və bütövlükdə Cənubi Qafqazın əhalisi özlərini İran sivilizasiyasının nümayəndələri və bir hissəsi hesab edirlər, buna görə də Azərbaycan hakimiyyəti öz xalqının qonşu dövlətlərlə münasibətlərindən son dərəcə ehtiyatlanır.

Bu ölkəni idarə edən masonların və sionistlərin rəhbərliyi altında otuz ildir ki, bu respublikada bütün media orqanları İranofobiya”, “əsl şiəfobiya” və “əsl islamafobiya” siyasəti yürüdür”.

Belə. Bu, İranda az qala gündəlik anti-Azərbaycan fəaliyyətə aid bir nümunə idi. Nədənsə bəziləri başını quma soxmuş dəvəquşu kimi davranmağa, inadla Arazdan cənubda əleyhimizə gedən prosesləri görməməyə çalışır. Görüb bu barədə cəmiyyəti məlumatlandırmaq istəyənlərsə, onların nəzərində “qardaş” saydıqları ölkə ilə münasibətləri korlayan düşmənlərdir. Düşmən sözünə epitetlər əlavə edəndə də Kazemilərin istifadə etdiyi eyni üslubu təkrarlayırlar. Mənbə eynidir.


Abunəlik