Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Baxılıb:100
Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Azərbaycanla Ermənistan arasında sülh prosesi, 4 kəndin Azərbaycana qaytarılması qonşu İranda da geniş müzakirə edilir, Azərbaycanın bundan sonra Cənubi Qafqazda mövqeyinin güclənməsindən narahatlıq da ifadə olunur.

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin hesab edir ki, bir çox ölkələr Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsindən narazıdır. Keçmiş diplomat narazılar sırasında İranı deyil, nədənsə Türkiyəni və Qərb dövlətlərini qeyd edir, İranı isə regionun “sülh göyərçi”ni kimi təqdim edir. Onun müsahibəsinin əsas tezisləri belədir:

-Türkiyə Bakıya Ermənistanın Zəngəzur adlanan Sünik bölgəsindən keçməyi planlaşdırırdı. Bu tranzit marşrutdur və Azərbaycan Respublikasına təzyiq göstərərək Bakıdan Zəngəzur dəhlizinin hərbi yolla açılmasına cəhd göstərməsini xahiş etdi. İndi tərəflər, yəni Azərbaycan və Ermənistan qarşılıqlı ərazi bütövlüyünü tanıdığından, Zəngəzurun “işğalı” faktiki olaraq Azərbaycanın gündəmindən çıxarılıb. Türkiyə bu məsələ ilə kifayətlənmir və iki ölkə arasında sülhün bərqərar olmasını alqışlamır. Rəsmi şəkildə alqışlasa da , praktikada mümkün olsaydı, sülhə gedən yolu pozardı.

-Ermənistanla Azərbaycan arasında baş verən və Moskva razılaşmasına gətirib çıxaran ikinci müharibəyə görə Rusiya Qafqazda hərbi mövcudluq imkanı əldə etdi. Sülhün bərqərar olması ilə əlaqədar olaraq rus qoşunlarının qalması zərurəti aradan qalxdı, Azərbaycan rus qoşunlarının Qarabağı tərk etməsini xahiş edib. Ona görə də ruslar sülhdən razı qala bilmirlər.

– Amerika və Fransa kimi regiondankənar ölkələr narazılar sırasındadır. Bu iki ölkə Rusiyanı təcrid etməyə can atır və hansısa yolla Ermənistanla yaxın münasibətlər qurmaq arzusundadır.

– Azərbaycana əsas silah satanlardan biri olan sionist rejim də sülhün əsas müxaliflərindəndir, çünki sülh olarsa, Azərbaycana silah satışı azalacaq.

İranda hələ kəndlərin geri qaytarılmasından əvvəl əsas narahatlıq oradan keçən tranzit yolların Azərbaycanın nəzarətinə düşməsi idi. Tehran bunu öz maraqlarına ziddi hesab edirdi. Amma Beynəlxalq əlaqələr üzrə ekspert Farzad Ramezani Bunes deyir ki, Azərbaycana qaytarılan kəndlər regionun geosiyasətinə, İranın Gürcüstan və Rusiya ilə münasibətlərinə böyük təsir göstərmir. “Əsas məsələ bu dörd kəndin Bakının iddialarının sonu olub-olmayacağıdır. Bakı Ermənistandan istər Sünikdə, istərsə də bu ölkənin digər şimal bölgələrində getdikcə daha çox torpaq tələb etməyə davam edərsə, bu, İranın böyük milli maraqlarına geosiyasi, geoiqtisadi və təhlükəsizlik təhdid kimi qiymətləndiriləcək”.

İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Əfşar Süleymani baş verənləri pozitiv dəyərləndirir, növbəti addım kimi Ermənistan Konstitusiyasının dəyişdiriləcəyini gözləyir:

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin yekun prosesi və imzalanması tarixi müəyyən edilə bilməz, lakin bununla bağlı baş verən mühüm hadisələr iki tərəf arasında sülhün yaxınlarda bərqərar olacağını göstərir”.

Ermənistan parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Anna Qriqoryan isə İRNA-ya müsahibəsində bildirib ki, 4 kəndin Azərbaycana verilməsini heç bir şəkildə məqbul saymır: “Çünki 2020-ci il müharibəsindən sonra Azərbaycan bir neçə dəfə Ermənistan ərazilərinə hücum edib və bir neçə yeri, xüsusən də İranla sərhəd əyaləti də ələ keçirib. 2020-ci il müharibəsindən sonra Azərbaycanın toxuna bilmədiyi yeganə yer Tavuş bölgəsi olub və bu bölgə Ermənistanın güclü hərbi nöqtələrindən biri hesab olunur. Bu 4 kənd Azərbaycana verilsə, o zaman Ermənistan-Gürcüstan magistral yolu Azərbaycanın, Rusiyadan Ermənistana gedən qaz xətti isə birbaşa Azərbaycan qüvvələrinin nəzarətində olacaq”.

O hesab edir ki, təhdidlərlə mübarizə aparmaq üçün Tehranla İrəvan arasında hərbi sənəd imzalamaq lazımdır.

İndiyədək İran təbliğatının əsas tezislərindən biri kənar oyunçuların regiona gəlişinə yol verilməməsi üzərində qurulmuşdu. Bu zaman nədənsə region ölkəsi olan Türkiyənin Azərbaycanla əlaqələri nəzərdə tutulur, İsrail və ABŞ-ın Azərbaycan dəstəyindən bəhs olunurdu. Lakin Fransa və Hindistanın Ermənistanı silahlandırma təşəbbüsləri, ardınca Avropa İttifaqının müşahidə missiyası nədənsə İranı o qədər də narahat etmir. Belə ikili standartın doğurduğu suallardan yayınmaq üçün, İran təbliğatı Ermənistanın Qərbi regiona dəvət etməsini məcburi addım kimi təqdim edir. “Fransanın Qafqazın inkişafındakı rolu”ndan yazan “ Hammihan” nəşri regionda gərginliyin xeyli artmasının, Bakı-Paris münasibətlərinin soyuqlaşmasının günahkarı kimi Azərbaycana işarə edir.

-Azərbaycan Qarabağda mövqelərini Türkiyə ilə yaxınlaşmaq və Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq yolu ilə sabitləşdirməyə cəhd edib;

– Naxçıvana birbaşa yol açmaq üçün Ermənistan ərazisini zəbt etməyə səy göstərib;

– Azərbaycanın regionda gərginliyi artırması, rusların razılaşmaları yerinə yetirməməsi üzündən Qarabağı itirən Ermənistan Qərbə meyil edib.


Abunəlik