“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” – Erməni politoloq
“Tərəflər arasında mühüm razılaşma əldə olunub, söhbət Almatı bəyannaməsinə növbəti istinaddan gedir. Qoy indi möhtərəm Baqrat və ümumiyyətlə bütün kilsə xadimləri soydaşlarımıza cavab versinlər: Onlar nəyə qarşı mübarizə aparırlar? Ermənistanda sərhəd olmaması üçün? Belə çıxır ki, bəli”.
Bunu erməni politoloq Arutyun Mkrtçyan Ermənistan mediasına müsahibəsində deyib.
O, bildirib ki, Azərbaycanla sərhəd delimitasiya və demarkasiya edilməsə, o zaman region daim müharibə təhlükəsi altında yaşayacaq, bu isə Ermənistan vətəndaşlarına yaxşı heç nə verməyəcək.
“Demarkasiyaya alternativ kifayət qədər konkretdir – müharibə. Bunu öz xalqının terroru adlandıra da bilərsiniz, qorxutma və ya qorxaq siyasət də, ancaq reallıq budur. Demarkasiya istəmirsinizsə, deməli müharibə istəyirsiniz. Əgər siz Azərbaycanın tabeliyində olan hər şeyin ermənilərin olmasını tələb edərək Azərbaycana məxsus olanı Azərbaycana vermək istəmirsinizsə, o zaman siz ən azı danışıqlarda konstruktiv iştirak etmirsiniz və Azərbaycan tərəfinə problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verirsiniz”, – deyə politoloq qeyd edib.