Yubanan SÜLH SAZİŞİ: İrəvan və Bakı iki mühüm məsələdə anlaşa bilmir – Mirzoyan AÇIQLADI
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilməz, çünki onlar sənədin iki mühüm bəndi üzrə razılığa gəlməyiblər”.
Bu barədə Ermənistanın İctimai Televiziyasına ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan məlumat verib.
“Mən həqiqətən inanıram ki, bizim Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün tarixi imkanımız var”, – Mirzoyan bildirib.
XİN rəhbəri bir çox məsələlərdə ortaq dil tapmaq mümkün olduğunu vurğulayıb. Amma tərəflər hələ də iki mühüm məqamda razılığa gələ bilməyiblər. Bunlardan birincisi ərazi bütövlüyünün qarşılıqlı tanınması, ikincisi kommunikasiyaların açılmasıdır.
“Ümidvaram ki, yaxın gələcəkdə bu məsələlərdə daha geniş anlaşma əldə olunacaq”, – Mirzoyan vurğulayıb.