Ərzaq məhsullarının qiyməti artıb: Səbəbi də bəllidir
2024-cü ilin martında dünya ərzaq qiymətləri indeksi son 7 ayda ilk dəfə 1,1 faiz artaraq 118,3 bənd təşkil edib.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) saytında məlumat verilib.
FAO Qiymət İndeksi ən çox satılan ərzaq mallarının dünya qiymətlərindəki aylıq dəyişikliklərini izləyir. Qeyd olunur ki, mart ayı artımı digər amillərlə yanaşı, bitki yağları, süd məhsulları və ətin kotirovkalarının artması ilə əlaqədar olub. Belə ki, birinci kateqoriya üzrə indeks 0,8 faiz, ikinci kateqoriya üzrə 2,9 faiz, üçüncü kateqoriya üzrə isə 1,7 faiz artıb.
Bununla yanaşı, aparıcı istehsalçı ölkələrdə hasilat həcmlərinin azalması və Cənub-Şərqi Asiyada alıcılar tərəfindən sabit tələbin olması nəticəsində mart ayında bitki yağının qiymət indeksi illik maksimuma çatıb. Öz növbəsində, pendir və yağın qlobal qiymətlərinin artması fonunda süd məhsullarının qlobal qiymətləri ardıcıl olaraq altıncı aydır ki, yüksəlir. Eyni zamanda, ət seqmentində analitiklər bütün növ məhsullar üzrə qiymət artımını qeyd ediblər.
Bundan əvvəl Potsdam İqlim Dəyişiklikləri Tədqiqatları İnstitutunun əməkdaşları qlobal istiləşmə ilə əlaqədar dünya ərzaq qiymətlərinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırmışdılar. Alimlərin fikrincə, hava fəlakətləri kənd təsərrüfatı müəssisələrinin mənfəətinə zərbə vuracaq və bu da bütün dünyada inflyasiyanın artmasına səbəb ola bilər. Eyni zamanda Afrika və Cənubi Amerika ölkələri də ciddi problemlərlə üzləşəcək.