Ermənistan sərhəddə hücuma başlayır: Naxçıvanı niyə atəşə tutdular?

Baxılıb:91
Ermənistan sərhəddə hücuma başlayır: Naxçıvanı niyə atəşə tutdular?

Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması təxribatların başlanğıcı ola bilər. Son bir neçə gündə erməni qoşunlarının sərhədboyu ərazilərdə cəmləşməsi, hücum silahlarını yerləşdirməsi və mühəndislik işlərini sürətləndirməsi müşahidə edilir. Baş verənlər göstərir ki, erməni qoşunların hərəkətə keçməsi 1 aprel-28 iyun tarixində nəzərdə tutulan hərbi təlimlərlə bağlı deyil. Bunu Ermənistan Müdafiə Nazirliyinin “öz ərazimizdə mühəndislik işləri aparmaq, müdafiəni gücləndirmək suveren hüququmuzdur” açıqlaması da təsdiq edir.

Daha öncə də yazmışdıq: aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüş ərəfəsində Qərb qüvvələrinin bölgəyə cəlb edilməsini əsaslandırmaq üçün sərhəddə müəyyən eskalasiyanın yaradılması gözləniləndir;

Bu kontekstdə diqqətçəkən məqamlardan biri Avropa İttifaqı və ABŞ-ın “Ermənistanın sərhədə qoşun toplamadığı” və “sərhəddə sabitliyin olduğu” haqda israrlı açıqlamalarıdır. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də rəsmi Bakının İrəvanın sərhədə qoşun cəmləməsi haqda bəyanatına istinadən “ritorika Ermənistan-Azərbaycan sərhədində gərginliyə və hərbi əməliyyatlara səbəb ola bilər” açqlamasını verdi. Bu yanaşmalar Ermənistanın təxribatı ilə baş verə biləcək mümkün eskalasiyada Azərbaycanı günahlandıracaqlarından xəbər verir.

Ermənistanın “hücuma məruz qaldığı” görüntüsünün üç məqsədi var:

– Rusiya “hücuma məruz qalan” Ermənistanı müdafiə edə bilmir;
– Ermənistanın təhlükəsizliyi və müdafiəsi məqsədilə bölgəyə Qərb qüvvələrinin cəlb edilməsinə ehtiyac var;
– “Hücum edən tərəf” kimi rəsmi Bakıya təzyiq edəcəklər;


Təxribatın Qazax istiqamətində olması ehtimalı daha güclü idi. Və Paşinyan bundan həm də “kəndləri qaytarmasaq, müharibə olacaq” tezisinin təsdiqi üçün istifadə edə bilərdi. Lakin atəşkəs Qazax yox, Naxçıvan istiqamətində pozuldu. Bu, Azərbaycan ordusunun irəliləməsi qorxusundan qaynaqlana bilər.

Birincisi, mümkün toqquşmada Azərbaycan ordunu sərhədə bitişik 4 kənd istiqamətində irəliyə çəkə bilər və buna görə Bakını ittiham edə bilməzlər, çünki Paşinyan özü bu kəndlərin Azərbaycana məxsus olduğunu təsdiqləyib;
İkincisi, Azərbaycan ordusu 4 kənd istiqamətində irəliləyəcəyi təqdirdə, “Ermənistan ərazisinə hücum edir” iddiasını irəli sürə bilməyəcəklər: İrəvana və sərhəddə eskalasiya üzərindən bölgə ilə bağlı planlar quranlara “Ermənistana hücum edilir” görüntüsü yaratmaq lazımdır. Ki, atəşkəsin Naxçıvan istiqamətində pozulmasının da bundan qaynaqlandığını hesab etmək olar.


Abunəlik