İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
Xəbər verdiyimiz kimi, KTMT-yə üzv ölkələrin parlament nümayəndə heyətləri birgə bəyanat yayaraq, “Krokus Siti Holl”da törədilən terror aktını pisləyiblər. Ermənistan isə KTMT Parlament Assambleyasının bu bəyanatına qoşulmayıb. Dünyanın hər bir yerində terrorun birmənalı olaraq pislənilməsinə baxmayaraq, İrəvan bundan imtina edib.
Maraqlıdır, bu, son dövrlər daha da gərginləşən Rusiya-Ermənistan münasibətləri ilə bağlıdır, yoxsa İrəvanın terrora dəstəyini ifadə edir?
Politoloq Tofiq Abbasov bildirib ki, bu, hər iki məqamla bilavasitə əlaqəlidir.
Politoloqun sözlərinə görə, bəlli olan Ermənistanın başıpozuq siyasət yeritməsidir:
“Artıq neçə illərdir görürük ki, Ermənistan regionda daimi gərginliyi saxlayır. Digər tərəfdən, Azərbaycan xalqına, dövlətinə qarşı törətdikləri cinayətlərin hamısında terror tərkibli faktlar var. Cənubi Qafqazda nə dərəcədə pozucu fəaliyyətini qüvvədə saxlamaq niyyətində olduğuna da şahidik. Bütün bunların arxasında erməni siyasi ənənəsinin xüsusiyyətləri durur. Erməni siyasəti qonşuluq, sağlam münasibətlər rejiminə hazır olmadığını nümayiş etdirib. Digər tərəfdən, terror məsələsinə bel bağlayıb. Ermənistanın gördüyü işlər, törətdiyi əməllər hamısı birmənalı şəkildə cinayət tərkiblidir. Ermənilərin Xocalıdakı soyqırımı əməlləri, mülki vətəndaşlarımıza qarşı zorakılığı, onların əllərinin bağlı olduğu halda öldürülməsi və kortəbii şəkildə torpağa basdırılması terrordur. İndi də həmin kütləvi məzarları aşkar edirik. Onlar cəbhə xəttində aramsız və davamlı təxribatlar törədiblər. Keçmiş təmas xəttində olan erməni oyunbazlığı öz başlarına oyun gətirdi. Bütün bu proseslərin hamısının kökündə erməni xisləti və onun daxilində olan qeyri-sağlam ruhdur”.
T. Abbasov diqqətə çatdırıb ki, niyyətləri çürük, iyrənc və zəhərli olan erməni siyasi dairələrindən də sağlam yanaşma gözləmək əbəsdir:
“Açıq-aşkar görürük ki, Ermənistan nə dərəcədə yenidən Qafqazda eskalasiya riski yaradır, digər tərəfdən xarici dövlətləri bura gətirir. Halbuki burada 3+3 formatı var idi. Bu platformanın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun da qayəsi ondan ibarət idi ki, Qafqaz bölgəsinin problemlərini məhz burada mövcud olan ölkələr öz səyləri və imkanları çərçivəsində həll etsinlər. Ermənistan görüşlərdə iştirak edərək “hə” deyir. Amma atdığı addımlar, etdiyi əməllər hamısı tərs mütənasib olur. Belə olduğu halda artıq təəccüb hissini yaşamırıq. Misal üçün, pandemiya dövründə vaksin diskriminasiyasına qarşı mübarizə aparmaq lazım idi. Prezident İlham Əliyevin böyük təşəbbüskarlığı oldu. Hətta BMT-nin Baş Assambleyası səviyyəsində də böyük iclas keçirildi və Azərbaycan dövlət başçısının təşəbbüsü alqışlandı. Yeganə ölkə kimi Ermənistan ona qarşı çıxmışdı. Bu ondan xəbər verir ki, Ermənistanın siyasi dairələrinin məfkurəsi, təfəkkürü artıq xəstədir. Onlar sağlam işlərə qol qoymaqdan həmişə boyun qaçırırlar və sevdikləri terror, zorakılıq, dağıtmaq və parçalamaqdır. Belə olduğu halda, onlar özlərini nəinki tək Azərbaycan və ya türk dünyasına qarşı, bütün bəşəriyyətə qarşı qoyurlar. Bəşəriyyət də gərək bu proseslərin hamısından nəticə çıxarsın. “Krokus Siti Holl”da baş vermiş bu faciə əlbəttə ki, bütün insanların hamısını məyus etdi. Bu hadisəyə sevinmək olmaz. Əgər Ermənistan bu cür hala etinasızlıq göstərirsə, deməli, o buna sevinir”.