İranın etirafı: Azərbaycanla bağlı yanlış siyasət dini rəhbəri  nüfuzdan salıb

Baxılıb:79

II Qarabağ savaşı zamanı İran rəsmiləri və KİV-lərin tutduğu anti-Azərbaycan mövqe zaman-zaman elə İran KİV-ləri tərəfindən də ifşa olunub. Bu günlər “Ensafnews”-da dərc etdiyi yazısında Huşəng Ətapur adlı müəllif İranın Azərbaycan siyasətindəki yanlışlarına diqqət çəkərək Ali Dini Rəhbərin İranın Azərbaycan bölgəsinin dörd vilayətində keçirdiyi görüşləri İrandakı seçkilər kontekstində deyil, Cənubi Qafqazda öz təsirini saxlamaq üçün atdığı addımlardan biri kimi dəyərləndirir.

Qeyd edilir ki, görüş İranın iki qonşu ölkəsi arasındakı ciddi böhranla bağlı siyasi sistemin prinsipial mövqeyini ifadə etmək məqsədi daşıyıb: “İran mühüm və təsirli oyunçu kimi potensialını qoruyub saxlamaqda maraqlıdır”. Müəllifin fikrincə, İranın Qafqazdakı son üç onillikdə diplomatik davranışını qiymətləndirərkən siyasi təsirdən çox mədəni mövcudluğunu qorumağa çalışıb. Amma Ermənistanı dəstəkləməkdə ittiham edilməsi arzuolunmazıdır. Çünki İranda, xüsusən şimal qərb vilayətlərində əhalinin nisbətən böyük bir hissəsi, Azərbaycan Respublikasına həmrəylik hiss edir: “Müsəlmanların tarixi torpaqlarından işğalçıları dəf etmək üçün Azərbaycan Respublikası ilə Ermənistan arasında şiddətli qarşıdurma olanda şübhəli avtomobillərin Nurdüz quru sərhədində İran vətəndaşlarının gözü qarşısında yük daşıması diqqətsizlikdən və milli maraqlara zərbədən başqa bir şey deyildi. Daha bir yanlış strategiya Ermənistanla mübarizə aparmaq üçün təkfirçilərin Azərbaycana nüfuz etməsi haqda dezinformasiyanın tirajlanması idi. Bu dezinformasiyanı yaymaqla bəzi şəxslər Azərbaycan ordusunun qələbələrini aşağılamağa çalışırdılar. Halbuki təkfirçilərin Azərbaycan Respublikası tərəfində döyüşməsi erməni lobbisinə bağlı media tərəfindən Fransada dərc olunmuşdu, PKK-çıların Ermənistan tərəfindən döyüşməsi xəbərini də Azərbaycan KİV-ləri yaymışdı”. Müəllifin etiraf etdiyi bir narahatlıq da bu savaşdakı tutduğu mövqedən sonra İran dini təsisatlarının Azərbaycan dindarları arasında nüfuzlarını itirməsi ilə bağlıdır.

Müəllif qeyd edir ki, daxili rəyə etinasızlıq göstərib Ermənistan hökumətini açıq şəkildə dəstəkləmək, xarici siyasət aparatındakı uğursuzluqlar, eləcə də İran KİV-lərinin hazırladığı xəbər və reportajlar, bəzi vəzifəli şəxslərin bəyanatları yanlış idi: “Azərbaycan vilayətlərindəki fəalların çıxışları, 42 azərbaycanlı deputatın parlamentə müraciəti, Azərbaycan vilayətlərindəki dini liderin nümayəndələrinin toplantısı ifrat fars millətçilərin xoşuna gəlmədi, çünki onların Azərbaycan xalqı ilə Fəqih vilayəti arasında uçurum yaratmaq planı var”. Yada salaq ki, savaş günləri və savaşdan sonra İran KİV-lərində ifrat anti-Azərbaycan təbliğat aparılır, Azərbaycan lehinə fikir səsləndirən hər kəs pantürkist və panazərbaycançı, etnik lobbinin üzvü və ya “Bakının agenti” kimi damğalanırdı. Bu damğa İranın Bakıdakı səfiri, sabiq səfirlər Əhəd Qəzai, Əfşar Süleymani və Möhsün Pakayin, parlamentin üzvləri Nadir Qazipur və başqaları haqqında da səslənmişdi. Təkfirçilərin ( sələfi muzdluların-red.) Azərbaycan ordusunda döyüşməsi haqda iftiralar isə dini rəhbərin və İran prezidentinin bəyanatlarında da yer almışdı. Bir müddət sonra bəzi İran rəsmiləri və KİV-ləri bu iddiaları təkzib etsə də, təəssüf ki, ara-sıra yenə də təkrarlanır. “Ensafnews”-da getmiş yazı o iddiaların İranın özündə də ağ yalan və böhtan olduğunun dərk edildiyini göstərir. Hərçənd növbəti gərginlik olacağı təqdirdə yenidən yalan olduğunu bildikləri iddiaları təkrarlayacaqlarına da şübhə yoxdur.


Abunəlik